Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında zoom-görüş keçirilib.
ASA-dan “QİA.AZ”a verilən məlumata görə, görüşdə Şuranın sədri, millət vəkili Azay Quliyev, Assosiasiyanın İcraçı direktoru Elmar Mirsalayev və qurumların səlahiyyətli nümayəndələri iştirak ediblər.
Zoom-konfransda Assosiasiya haqqında məlumat verən E.Mirsalayev sığorta xidmətlərinin mövcud şəraitdə yüksək əhəmiyyətini xüsusi olaraq vurğulayıb.
Şuranın sədri A.Quliyev qurumun fəaliyyətindən, dövlətin qeyri-hökümət təşkilatlarının inkişafı və layihələrin icrası üçün tətbiq etdiyi dəstək mexanizmi haqqında danışıb.
Tərəflər real zaman şərtləri çərçivəsində yerli sığorta bazarında həllini gözləyən məsələlərə və bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbir və layihələrə də toxunub.
Görüşün sonunda qurumlar arasında əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı razılığa gəlinib.