Bir neçə gün əvvəl Sinqapurda 9-cu Dünya Şəhərləri Sammiti keçirilib. Dünyanın bir sıra şəhərlərinin başçılarının qatıldıqları Sammitdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib.
Bakı Şəhər İcra Hakimiyyətindən QİA.az-a bildiriblər ki, Banqkok, Qlazqo, Şanxay, Praqa, Rotterdam kimi şəhərlər də daxil olmaqla, ümumilikdə 87 ölkənin şəhər merlərinin iştirak etdikləri Sammitin əsas mövzusu şəhərlərin gələcəyi, yaşana bilən və davamlı şəhərlər olub. Sammit çərçivəsində yaşıl enerjiyə keçid, şəhərlərin daha sağlam olması, davamlı gələcək inkişaf və digər mühüm məsələlər müzakirə edilib.
Forumda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tədbir iştirakçılarına Bakı haqqında məlumat verib. Bildirib ki, bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində Bakı keyfiyyətcə dəyişib və kreativ şəhərə çevrilib. Paytaxtda 400-ə yaxın park salınıb və hazırda 10 yeni meqaparkın tikintisi aparılır.
Səfər çərçivəsində nümayəndə heyəti Sinqapurun davamlılıq və ətraf mühit naziri xanım Greys Fu ilə də görüşü olub. Nazir Greys Fu Prezident İlham Əliyevlə görüşü barədə xatirələrini bölüşüb, onun xarici dil bilikləri, siyasi savadı, problemləri düzgün analiz etmək qabiliyyətinə heyran olduğunu xüsusi vurğulayıb.
Görüşdə Eldar Əzizov xanım nazirə Bakı şəhəri haqqında nəşrləri təqdim edib.
Səfərlə bağlı fikirlərini bölüşən Eldar Əzizov deyib: “Sinqapurda olarkən özünəinam hissimiz daha da artdı. Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Bakı kommunal və bəzi digər sahələrdə Sinqapurdan nəinki geri qalmır, hətta bir sıra göstəricilərə görə onu qabaqlayır. Bu gün Bakı şəhəri daha səliqəli və təmizdir. Bunu həm yerli vətəndaşlar, həm də şəhərimizə gələn çoxsaylı turistlər qeyd edirlər”.