Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Tacikistan Respublikasına humanitar yardım göndərilib.
“QİA.AZ” xəbər evrir ki, bu gün – iyulun 20-də 40 min doza Vaxzevria (AstraZeneca) peyvəndini daşıyan təyyarə Tacikistanın Düşənbə Beynəlxalq Hava Limanına enib.
Hava limanında yük Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Vüqar İbrahimov tərəfindən qəbul edilərək, Tacikistanın Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Fayzali Saidzoda və Tacikistan Respublikası Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sanitariya-Epidemioloji Təhlükəsizlik İdarəsinin rəisi Navruz Cəfərova təhvil verilib.
Humanitar yardım qarşı tərəfə təqdim edildikdən sonra Tacikistan Respublikası Səhiyyə Nazirliyinin rəsmisi COVID-19 virus infeksiyası ilə mübarizədə Azərbaycan Respublikası rəhbərliyi tərəfindən Tacikistana göstərilən davamlı yardımlara görə minnətdarlığını bildirib.