“Birbaşa xarici investorları cəlb ediriksə, bu inkişafımıza mühüm töhfə verəcək”.
QİA.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Beynəlxalq Valyuta Fondunun (İMF) Azərbaycanı dünyanın yeddi ən cəlbedici investisiya ölkəsi sırasında göstərməsinə münasibət bildirən iqtisadçı Emin Qəribli deyib.
O, qeyd edib ki, 2024-cü ilin hesabatına görə, Azərbaycan “Top-7”yə daxil olub:
“Hər il Beynəlxalq Valyuta Fondu ölkələrin birbaşa xarici investisiyaya cəlbolunma potensialını təhlil edir. 2024-cü ilin hesabatına görə, Azərbaycan “Top-7”yə daxil olub. Ən böyük və qabaqcıl potensiala malik olan yeddi dövlət siyahısına daxil olub. Bu kimi yüksək göstəricilər iqtisadi islahatların nəticəsidir. Məhz bu sayədə xarici investorların diqqəti cəlb edilib.
Həm də reytinq təşkilatları da bu məsələdə maraqlıdırlar və yüksək qiymətləndirirlər. Müasir dövrdə prioritet sahələr var. Daha çox süni intellekt və yaşıl enerjiyə investisiya cəlb olunur. Ənənəvi kənd təsərrüfatı, neft və qaz sahələri ilə bərabər yeni sahələrə investisiya cəlb etməklə Azərbaycan Beynəlxalq Əmək mübadiləsində öz mövqeyini tutacaq. Hesab edirəm ki, islahatlar davamlı olacaq”.
İqtisadçı-ekspert qeyd edib ki, ixrac potensialımız artacaq:
“Beynəlxalq Valyuta Fondunun (İMF) Azərbaycanı dünyanın yeddi ən cəlbedici investisiya ölkəsi kimi bəyan etməsi müsbət bir haldır. Birbaşa xarici investorları cəlb ediriksə, bu inkişafımıza mühüm töhfə verəcək. Biz onların marketinq siyasətini öyrənirik. Bununla yanaşı ixrac potensialımız da artır.
Onların reklamı da var. Bir növ onlardan istifadə də edirik. Bizi niyə ən qabaqcıl ölkə kimi seçiblər? Çünki bizdə yeni texnologiyalar, yaşıl enerji sahəsi inkişaf edib. Yüksək texnologiyalara diqqət yetiririk. Dövlət yenilik istiqamətində siyasət aparır. Bizdə makroiqtisadi sabitlikdir. Dünyada makroiqtisadi problemlər, devalvasiya var. Bütün ölkələrdə inflyasiya baş alıb gedir. Azərbaycanda isə vəziyyət stabildir. Buna görə də investisiyaları cəlb edir. Sevindirici haldır. Qeyri-neft sektoruna külli miqdarda investisiya cəlb edirik. Bu da davamlı olacaq”, – deyə E.Qəribli əlavə edib.
Nəzrin Vahid