Azərbaycan ÜTT-nin İcraiyyə Şurasının 113-cü sessiyasında təmsil olunub

Yan21,2021

Yanvarın 18-19-da İspaniya Krallığının Madrid şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 113-cü sessiyası keçirilib.

Bu barədə “QİA.AZ” Dövlət Turizm Agentliyinə (DTA) istinadən xəbər verir.

Ümumilikdə 35-dən çox ölkədən 150-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı DTA-nın sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İki gün davam edən sessiya çərçivəsində pandemiya ilə əlaqədar yaradılmış Qlobal Turizm Böhranı Komitəsinin görüşünün keçirilməsi, postpandemiya dövründə turizmin bərpası, ölkələrarası təhlükəsiz və maneəsiz səyahət üçün ümumi addımların atılması kimi məsələlər müzakirə edilib.

Sessiya zamanı İspaniya Kralı VI Filip iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

Həmçinin tədbir iştirakçılarının İspaniyanın Baş naziri Pedro Sançeslə də görüşü keçirilib.

Sessiya çərçivəsində 2022-2025-ci illər üçün ÜTT-nin baş katibi vəzifəsinə yenidən təşkilatın hazırkı baş katibi Zurab Pololikaşvili seçilib.

Oxşar Xəbərlər