Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə telefon danışığı baş tutub.
QİA.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Bununla yanaşı, bölgədə postmünaqişə dövründə keçmiş köçkünlərin öz doğma torpaqlarına geri qayıtması və yenidənqurma işlərində əsas təhdidlərdən biri olan ərazilərin minalanması problemi ilə mübarizə istiqamətində BƏƏ tərəfindən ANAMA-ya bu yaxınlarda 5 milyon ABŞ dollarında yardım göstərilməsinə görə qarşı tərəfə təşəkkür edilib. Göstərilən yardımın həmrəylik göstəricisi olduğu vurğulanıb.
Bakı Enerji Həftəsi çərçivəsində iyunun 4-də Neftçala və Biləsuvar elektrik stansiyasının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasının, eləcə də SOCAR və BƏƏ-nin Masdar şirkəti arasında imzalanan üç bərpaolunan enerji layihələri üzrə Səhmdarlar Sazişinin iki ölkə arasında sərmayə sahəsində əməkdaşlığının genişlənməsinə müsbət töhfə verdiyi qeyd edilib.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi və ev sahibliyinə hazırlıq prosesi çərçivəsində BƏƏ-nin COP28 prezidentliyi ilə əməkdaşlıq məsələləri, ölkələrimiz arasında “yaşıl enerji”yə keçid istiqamətində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Telefon danışığı zamanı, həmçinin digər beynəlxalq platformalarda əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Tərəflər qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini çatdırıb, ən səmimi arzu və diləklərini bildiriblər.