Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Bolqarıstanın Enerji və Su Tənzimləyici Komissiyası (EWRC) arasında görüş keçirilib.
“QİA.AZ”ın Agentliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, sədr müavini Rövşən İsmayılov və qurumun digər nümayəndələri iştirak ediblər.
Bolqarıstan tərəfini EWRC-ın sədri İvan İvanov başda olmaqla, elektrik enerjisi və termal sular enerjisi sektorunun direktoru Plamen Mladenovski və digər rəhbər şəxslər təmsil ediblər.
Onlayn keçirilən görüşü giriş sözü ilə açan EWRC-ın sədri bildirib ki, Komissiya Azərbaycanın enerji tənzimləyicisi ilə müvafiq sahədə əməkdaşlığa önəm verir və bu ilin sentyabr ayında imzalanmış Saziş bu əlaqələrin möhkəmləndirilməsində böyük rol oynayacaq.
Qonaqları səmimi salamlayan AERA-nın İdarə Heyətinin sədri görüşün çox əlamətdar bir vaxta – Azərbaycanın Vətən müharibəsində böyük zəfər qazandığı həftəyə təsadüf etdiyini qeyd edib. S. Axundov Agentliyin fəaliyyəti və gördüyü işlər haqqında iclas iştirakçılarına məlumat verib. O, bir müddət əvvəl imzalanmış sənədin Azərbaycan və Bolqarıstan tənzimləyiciləri arasında energetika və kommunal xidmət sahələrində inkişaf perspektivləri baxımından əhəmiyyət kəsb etdiyini və bundan sonra da əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra səfir Nərgiz Qurbanova tənzimləycilər arasında qurulmuş əlaqələrin iki ölkənin enerji bazarlarının inteqrasiyası istiqamətində müsbət töhfə verəcəyini diqqətə çatdırıb. O, iki ölkə arasında enerji, nəqliyyat, turizm, informasiya və kommunikasiya texnologiyaları sahələrində uğurla əməkdaşlıq edildiyini bildirib.
AERA-nın Hüquqi təminat və təhlil şöbəsinin müdiri Fariz Şirinov təqdimatla çıxış edərək, görüş iştirakçılarına Agentliyin təsis olunması, funksiyaları və inkişaf perspektivləri, qurum tərəfindən hazırlanmış bir sıra mühüm qanun layihələri və normativ aktlar, Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyat keçirilən layihə, beynəlxalq əməkdaşlıq haqqında məlumat verib.
Daha sonra EWRC-in elektrik enerjisi və termal sular enerjisi sektorunun direktoru Plamen Mladenovskinin “Elektrik enerjisi tarifləri. Bolqarıstanın elektrik enerjisi bazarı modeli” mövzusunda təqdimatı dinlənilib. O bildirib ki, Bolqarıstanın enerji bazarının tam liberallaşdırılması prosesi 2015-ci ildən başlayıb və indi də davam etdirilir. Onun sözlərinə görə, Bolqarıstan, Avropa Birliyində həm tənzimlənən, həm də azad enerji bazarının mövcudluğunu davam etdirən nadir ölkələrdən biridir. Liberallaşdırılmanın mərhələli şəkildə həyata keçirildiyini qeyd edən Mladenovski, prosesin əvvəlcə topdansatış bazarından başlayıb pərakəndə bazar ilə davam edəcəyini diqqətə çatdırıb.
Sonda iclas iştirakçılarını maraqlandıran bütün suallar cavablandırılıb.
Qeyd edək ki, bu ilin sentyabr ayının 9-da AERA və EWRC arasında “Əməkdaşlıq haqqında” saziş imzalanıb. Sazişi S.Axundov və İ.İvanov imzalayıb. Sazişə əsasən, iki ölkənin enerji tənzimləmə sahəsinin inkişafı və inteqrasiyası məqsədilə uzunmüddətli əməkdaşlıq üçün hüquqi baza yaradılacaq. Saziş Azərbaycan və Bolqarıstan arasında müvafiq sahədə təlim və ixtisasartırma kursları, məlumat mübadiləsi, seminar, konfrans və görüşlərin təşkili, ikitərəfli əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, birgə layihələrin həyata keçirilməsi, habelə hər iki tənzimləyici üçün qarşılıqlı maraq doğuran digər əməkdaşlıq sahələrinin təşviq edilməsini nəzərdə tutur.
AREA 2018-ci ilin aprelindən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvüdür.
EWRC Bolqarıstanın milli tənzimləyici qurumu olaraq 1999-cu ildən fəaliyyət göstərir və ERRA-nın tam üzvüdür.