İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarp ilə görüşüb.
Bu barədə “QİA.az”a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, naziri Azərbaycan-Böyük Britaniya əlaqələrinin genişləndiyini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. O bildirib ki, ölkələrimiz arasında digər sahələrlə yanaşı, uğurlu ticarət və investisiya əməkdaşlığı həyata keçirilir. Böyük Britaniya Azərbaycana ən çox investisiya qoyan ölkədir. 2021-ci ilin yanvar-mart aylarında Britaniya ilə ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb.
Görüşdə ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verilib, 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu diqqətə çatdırılıb.
Son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətləri vurğulayan səfir ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirib, iqtisadi tərəfdaşlığın inkişafı barədə fikirlərini bölüşüb.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.