Azərbaycan və Britaniya minatəmizləmə sahəsində yeni sənəd imzalayıb (FOTO)

Dek16,2021

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Böyük Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı Anlaşma Memorandumu imzalayıb.

ANAMA-dan verilən məlumata görə, sənəd çərçivəsində birgə hazırlanan təlim planına uyğun olaraq MAG QHT tərəfindən ANAMA-nın yeni sahə supervayzerlərinin hazırlanması üzrə xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, minalardan təmizləmə fəaliyyətinə məsləhət xidmətlərinin göstərilməsi də planlaşdırılır.

Yeniliklərə hər zaman açıq olan ANAMA bu dəfə də beynəlxalq təcrübəyə əsaslanaraq milli potensialın təkmilləşdirilməsində maraqlıdır. Bu sahə üzrə əldə edilmiş biliklər humanitar minatəmizləmə fəaliyyətinin icrasına öz müsbət töhfəsini verəcəkdir.

Bildirək ki, layihənin ölkəmizdəki icrası Amerika Birləşmiş Ştatları və Kanada dövlətlərinin maliyyə vəsaiti hesabına həyata keçiriləcək.

Həmçinin, memoranduma əsasən ANAMA-nın təlim ehtiyaclarının qiymətləndirilməsi, əsas nəzarətedici heyət üçün nəzəri və praktiki təlimlərin keçirilməsi, monitorinq və qiymətləndirmə prosesinə dəstək verilməsi gözlənilir.

ANAMA ilə MAG arasındakı əməkdaşlıq, eyni zamanda Azərbaycanda mövcud mina problemi miqyasının beynəlxalq donor icmalarına çatdırılması istiqamətində dəstək olacaq. MAG QHT humanitar minatəmizləmə, təhlükəsiz mühitin yaradılması və münaqişədən zərərçəkən icmalarla əlaqə üzrə dünyanın 29 ölkəsində fəaliyyət göstərir.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərində ANAMA ilə MAG arasında humanitar minatəmizləmə fəaliyyətində texniki dəstəyin göstərilməsi üzrə əməkdaşlıq edilib.

Azərbaycan və Britaniya minatəmizləmə sahəsində yeni sənəd imzalayıb (FOTO) - Gallery Image
Azərbaycan və Britaniya minatəmizləmə sahəsində yeni sənəd imzalayıb (FOTO) - Gallery Image

Oxşar Xəbərlər