Avqustun 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə yeni təyin olunmuş Seyid Abbas Araqçı arasında telefon danışığı baş tutub.
QİA.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və İran arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov ilk növbədə, həmkarını İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində müvəffəqiyyətlər arzu edib, həmçinin nazir Seyid Abbas Araqçını ölkəmizə səfərə dəvət edib.
Tərəflər Azərbaycan və İran arasında bir sıra, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat və kommunikasiyalar sahələri üzrə birgə layihələrin icrası istiqamətində əməkdaşlığın daha da gücləndirilməsinə dair razılıq ifadə ediblər. Bu istiqamətdə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının işinin əhəmiyyəti diqqətə çatdırılıb.
Nazir Seyid Abbas Araqçı təyinatı münasibətilə təbrik və arzularına görə həmkarına öz minnətdarlığını bildirib. Azərbaycanın İrandakı səfirliyinin işinin bərpa olunmasından məmnun olduğunu qeyd edib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.