Azərbaycan və İran gömrükdə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

İyl 6, 2021

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev İranın Gömrük Administrasiyasının prezidenti Mehdi Mirəşrəfi ilə onlayn formatda görüşüb.

QİA.AZ xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

Məlumata görə, sədr iki ölkə arasındakı mehriban qonşuluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib, gömrük orqanlarının da qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. S.Mehdiyev sərhədkeçmə proseslərinin sürətləndirilməsi, tranzit imkanlarının genişləndiriməsi istiqamətində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. O, xüsusilə pandemiya dövründə, həm gömrük xidməti rəhbərləri səviyyəsində, həm də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin iki ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışıb.

M.Mirəşrəfi iki ölkə arasındakı tarixi-mədəni əlaqələrdən, sosial-iqtisadi sahədəki işgüzar münasibətlərdən danışıb, qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində gömrük orqanlarının rolunu xüsusi vurğulayıb. O, bildirib ki, tranzit yüklərin daşınması istiqamətində əməkdaşlığın daha da gücləndirilməsi iki ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artmasına, regional inkişafa mühüm töhfə verə bilər və bu istiqamətdə gömrük orqanlarının üzərinə mühüm vəzifələr düşür.

Oxşar Xəbərlər