Azərbaycan və Rumıniya XİN arasında siyasi məsləhətləşmələr keçirilib

Apr27,2021

Azərbaycan və Rumıniya Xarici İşlər Nazirlikləri arasında video konfrans formatında doqquzuncu siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən QİA.AZ-a verilən məlumata görə, Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini və Rumıniya tərəfindən Xarici İşlər Nazirliyinin dövlət katibinin iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki tərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə mövzusu olub.

Görüşdə tərəflər Azərbaycan-Rumıniya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və əməkdaşlıq gündəliyindəki məsələlər, Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyi və inkişafı, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məsləhətləşmələr zamanı iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi, eləcə də parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə həmçinin COVID-19 pandemiyası ilə bağlı vəziyyətdən asılı olaraq, iki ölkə arasında növbəti siyasi məsləhətləşmələrin hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak ilə görüş formatında keçirilməsinə dair razılığa gəlinib.

Oxşar Xəbərlər