Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi imzalanıb

Mar17,2021

Kənd təsərrüfatı naziri İnam Kərimov ilə Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Türkiyə Respublikası bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşıdır. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələri üzrə sıx və səmərəli əməkdaşlıq edir. Kənd təsərrüfatı məhsulları üzrə qarşılıqlı ticarət əlaqələri inkişaf edir və bu sahədə ticarət dövriyyəsinin artırılması üçün birgə səy göstərilir. Azərbaycan Türkiyənin aqrar sahədə müasir texnologiyaların tətbiqinə dair təcrübəsindən yararlanmaqda maraqlıdır. Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli isə öz növbəsində bildirib ki, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. O, ölkəsinin iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahədə də Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Qeyd olunub ki, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.

Tədbirdə aqrar sahədə inkişaf perspektivləri, dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları, əlverişli investisiya mühiti, birgə layihələrin həyata keçirilməsi, həmçinin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının yenidən qurulması və inkişafı prosesində Türkiyənin iştirakı məsələləri ətrafında müzakirələr aparılıb.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında kənd təsərrüfatında müasir texnologiyaların ötürülməsi və aqrar təlim sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi imzalanıb. Sənədi Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov və Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli imzalayıb. Niyyət Bəyannaməsində Türkiyədə aqrar sahədə tətbiq olunan müasir texnologiyaların Azərbaycanda tətbiqi imkanlarının araşdırılması və təcrübə mübadiləsinin aparılması, Türkiyədə mövcud olan müasir təlim metodologiyaları əsasında yerli mütəxəssis və fermerlərə təlimin keçirilməsi sahəsində əməkdaşlıqla bağlı maddələr yer alıb. Bu məqsədlə birgə İşçi Qrupunun yaradılması və Fəaliyyət Planının işlənib hazırlanması nəzərdə tutulur.

Görüşün sonunda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 10-cu iclasının protokolu imzalanıb.

Oxşar Xəbərlər