Azərbaycan və Türkiyə gənclərinin “Zəfər Forumu” keçirilib

İyn17,2021

Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə gənclərinin “Zəfər Forumu” keçirilib.

Fonddan “QİA.az”a verilən məlumata görə, Türkiyə və Azərbaycan Prezidentlərinin tarixi Şuşa səfərindən sonra Forum şanlı Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi və hər iki ölkə gəncləri arasında sıx əməkdaşlığın dəstəklənməsi məqsədilə təşkil olunub.

Forum zamanı çıxış edən Fondunun icraçı direktoru Fərid Cəfərov, Türkiyə Gənclər Fondunun (TÜGVA) baş direktoru Enes Eminoğlu, Vətən müharibəsi qaziləri Mobil Əhmədzadə və Elnur Ələkbərov, bir sıra aparıcı gənclər təşkilatlarının rəhbərləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı zəfərdə Türkiyə rəhbərliyinin və xalqının, eləcə də gənclərinin mənəvi dəstəyinin əhəmiyyətindən və post-münaqişə dövründə əməkdaşlıq imkanlarından danışıblar. Ulu Öndər Heydər Əliyevin “bir millət iki dövlət” fəlsəfəsinə əsaslanan dostluq, qardaşlıq münasibətlərinin gənclər sahəsində də müxtəlif layihə və proqramlarla daha da möhkəmləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Tarixin çətin anlarında Azərbaycan və Türkiyənin biri-birilərinin yanında olduqlarını vurğulayan çıxışçılar, xalqımızın Vətən müharibəsindəki qələbəsinin həm Azərbaycan, həm də Türkiyə gəncləri arasında böyük bir milli coşqu ilə qarşılandığı qeyd edilib.

Forumda hər iki ölkənin gəncləri adından ikitərəfli münasibətlərin yüksək şəkildə inkişaf etdirilməsinə görə iki ölkənin dövlət başçılarına təşəkkür edilib, Azərbaycan-Türkiyə gəncləri tərəfindən qələbənin şərtləndirdiyi yeni dövrün reallıqlarına uyğun olaraq bütün platformalarda perspektivlər və müasir çağırışlara cavab verən işlərin ortaya qoyulmasının vacibliyi qeyd olunub.

Ötən gün iki dövlət başçısının Şuşa şəhərində görüşünə və ölkələrimiz arasında əlaqələri müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin imzalanmasına toxunan natiqlər bununla bir milləti təmsil edən iki dövlətin qardaşlıq bağlarının daha da möhkəmləndiyini vurğulayıblar. Onlar bəyannamədə də qeyd edildiyi kimi, gənclərimiz arasında əlaqələrin daha da inkişaf etdirilib dərinləşdirilməsi, əməkdaşlıq potensialının birləşdirilməsi naminə bütün səylərini səfərbər edəcəklərini bəyan ediblər.

Həmçinin, Forum iştirakçıları Azərbaycan həqiqətlərinin beynəlxalq informasiya platformalarında təbliği məqsədilə iki ölkənin gəncləri bundan sonra da birgə və koordinasiya olunmuş şəkildə fəaliyyət göstərəcəklər. Foruma Eskişəhər və Gəncə şəhərlərindən onlayn olaraq qoşulan fəal gənclərin səsləndirdikləri Yunus Əmrənin və Nizami Gəncəvinin əsərləri, eləcə də əməkdar artist Zaur Əmiraslanovun “Çırpınırdı Qaradəniz” ifası Forum iştirakçıları tərəfindən maraqla qarşılanıb. 1000-ə yaxın iştirakçı ilə hibrid şəkildə təşkil edilən Forumda Azərbaycanın aparıcı gənclər təşkilatları, könüllülər, tələbələr və fəal gənclərlə yanaşı, hər iki ölkənin fondları tərəfindən elan edilər “Qarabağ zəfəri” rəsm müsabiqəsinin azərbaycanlı və türkiyəli qalibləri, eləcə də Türkiyənin 81 vilayətində yerləşən TÜGVA-nın nümayəndələri tədbirə canlı və onlayn şəkildə qatılıblar.

Oxşar Xəbərlər