Azərbaycan var olduqca, Heydər Əliyev xalqın qəlbində yaşayacaq – MƏQALƏ

Hər il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi dərin hörmətlə anılır. Ulu Öndər Heydər Əliyev tarixə yalnız zəngin siyasi təcrübəsi, nadir liderlik qabiliyyəti olan və xalqın ən çətin anlarında xilaskarına çevrilmiş şəxsiyyət kimi düşməyib, onun müsbət keyfiyyətləri bugünkü gəncliyə əsl örnək sayılır. Ulu öndərin vətəndaş mübarizliyi, obyektiv prinsipiallığı və xalqa qarşı fədakar davranışı onun xarakterindəki üstün cəhətləri daim ortaya qoyub. Heydər Əliyevin yarım əsrə yaxın bir müddətdə Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri oldu.

Bu gün Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi, demokratik hüquqi dövlətin qurulması Heydər Əliyevin adıyla bağlıdır. 90-cı illərdə xaotik durumda olan ölkəmizin idarəçiliyini öz öhdəsinə götürən Ümummilli Liderin Azərbaycanın tez bir zamanda dirçəlməsində, parçalanmasının qarşısının alınmasında misilsiz fəaliyyəti və xidmətləri oldu. O, sözün həqiqi mənasında çökmüş və sönmüş bir dövləti gücləndirdi, xalqı, ölkəmizi bataqlığa qərq olmaqdan xilas etdi.

Hər il dekabrın 12-də olduğu kimi mayın 10-da da insanlar Ulu Öndəri dərin hörmətlə yad edir, onun abidəsini ziyarət edirlər. Bu isə sözsüz ki, xalqın öz Ümummilli Liderinə olan sonsuz sevgisinin göstəricisidir. Məhz həmin xalq sevgisini Ulu Öndərin layiqli davamçısı olan müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev də qazanıb. Bu gün xalq Heydər Əliyevə bəslədiyi sevgi kimi, onun uğurlu davamçısı sayılan 44 günlük Vətən müharibəsindəki sərkərdəlik, liderlik qabiliyyəti ilə tarixə düşən cənab Prezident İlham Əliyevə də sonsuz məhəbbətini ifadə edir. Çünki Azərbaycanı daha da gücləndirən, təkcə regionun deyil, dünyanın güclü dövlətlərindən birinə çevirən Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. O öz adını tarixdə əbədi həkk etməyi bacardı. Azərbaycan var olduqca bu xalq, millət hər iki dahi şəxsiyyəti daim qəlbində yaşadacaq, sevgi və dərin hörmətini ifadə edəcək!

Əfsanə Şükürova

“İrəli” İctimai Birliyinin idarə heyətinin üzvü, mətbuat katibi

QİA.az

Oxşar Xəbərlər