Azərbaycan XİN Çernobıl fəlakətinin 35-ci ildönümü ilə əlaqədar açıqlama yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi Çernobıl fəlakətinin Beynəlxalq Anım Günü və 35-ci ildönümü ilə əlaqədar açıqlama yayıb.

“QİA.az” xəbər verir ki, açıqlamada deyilir:

“Çernobıl Fəlakətinin Beynəlxalq Anım Gününün 35-ci ildönümü münasibətilə bu faciədən zərər çəkən ölkələrlə və bütün insanlarla həmrəyliyimizi ifadə edirik.

1986-cı ildə Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında Çernobılda baş verən nüvə qəzası nəhəng humanitar faciə idi. Partlayış Ukrayna, Belarus və Rusiyada müxtəlif dərəcəli çirklənməyə səbəb olan çox sayda radioaktiv materialların atmosferə buraxılmasına səbəb oldu. Bu, yüz minlərlə insanı yüksək səviyyədə radiasiyaya məruz qoyan və təxminən 350 min nəfəri radioaktiv çirklənməyə məruz qalmış ərazilərdən evlərini tərk etməyə məcbur edən ən ciddi nüvə qəzalarından biri idi. 31 nəfər dərhal həyatını itirdi və 4000-27000 arası sayda insan radiasiyaya məruz qalma nəticəsində həlak oldu. Partlayış yerindən yüzlərlə kilometr məsafədə yaşayan bir çox insan fəlakətdən sonra radiasiyadan xəstələndi.

Azərbaycan, bəzi ölkələrlə birlikdə əraziyə 7000-dən çox xilasedici və digər şəxsi heyəti göndərərək qəzanın nəticələrinin azaldılmasında fəal iştirak etmişdir. Azərbaycan qəzadan zərər çəkmiş təqribən 7000 nəfəri müvəqqəti qəbul edib və onları lazımi reabilitasiya və müalicə ilə təmin edib. Azərbaycan çox böyük insan itkiləri ilə üzləşib, hazırda Azərbaycanda təxminən 5000 nəfər Çernobıl qəzasının nəticələrindən əziyyət çəkir. O vaxtdan bu günədək Çernobıl qəzasından təsirlənən təxminən 2000 vətəndaş vəfat edib.

Çernobıl qəzası nüvə sənayesinə böyük təsir göstərdi və təhlükəsizlik sahəsində əməkdaşlığın artmasına və yeni hüquqi sənədlərin qəbul edilməsinə səbəb oldu. Ən əsası qlobal diqqəti təhlükəsizliyə və bu dəyişikliklərə nail olmaq üçün insan və təşkilati amillərin əhəmiyyətinə yönəltdi. Bu fəlakətin geniş miqyaslı təsiri sübut etdi ki, atom elektrik stansiyalarının təhlükəsizliyi yalnız yerləşdikləri dövlətləri deyil, potensial risklərdən zərər çəkə bilən ətraf ölkələri də narahat etməlidir.

Bu çərçivədə, Ermənistandakı Metsamor AES ilə əlaqəli risklər beynəlxalq ictimaiyyət tərəfindən hərtərəfli şəkildə nəzərdən keçirilməlidir. Bu AES 1976-1980-ci illərdə Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilmişdir və aktiv seysmik zonada yerləşir. Köhnəlmiş texnologiya və mövqeyi Metsamoru dünyanın ən təhlükəli nüvə stansiyaları sırasına salır. Müxtəlif beynəlxalq təşkilatların bu obyekti “bütün bölgə üçün təhlükə” adlandıraraq xəbərdarlıq etmələrinə baxmayaraq, Ermənistan Metsamor AES-in istismar müddətinin bitməsinə baxmayaraq, hələ də ondan istifadə etməyə davam edir.

2020-ci ildə Avropa İttifaqı növbəti dəfə Ermənistanı AES-i bağlamağa çağırdı və qeyd etdi ki, “nüvə zavodu beynəlxalq səviyyədə qəbul edilmiş nüvə təhlükəsizliyi standartlarına tam cavab verəcək şəkildə təkmilləşdirilə bilməyəcək və bu səbəbdən də onun qısa zamanda bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılması tələb olunur”.

Metsamorun istismarı zamanı köhnəlmiş texnologiyadan istifadə etmək və təhlükəsizlik qaydalarına riayət etməmək daha geniş bölgə üçün ciddi ekoloji problemlər yaradır.

Bundan əlavə, yüksək dərəcədə zənginləşdirilmiş uran kimi nüvə materiallarının qaçaqmalçılıq hadisələrinin təkrarlanması, zavodun və onun nüvə materiallarının düzgün fiziki qorunması ilə bağlı əlavə narahatlıqlar yaradır.

Bu anım günündə, bütün müvafiq beynəlxalq təşkilatları, nüvə təhlükəsizliyi və ətraf mühit məsələləri ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarını, eləcə də bölgə ölkələrini potensial fəlakətin qarşısının alınması barədə ictimaiyyətin məlumatlılığını artırmağa və Metsamor AES-in bağlanması üçün səylərini səfərbər etməyə çağırırıq”.

Oxşar Xəbərlər