Azərbaycanın haqlı olduğu bir daha təsdiqlənib. Ötən gün ABŞ-nin dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
O, aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.
Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub.
Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.
Telefon danışığında Fransanın anti-Azərbaycan mövqeyi əsas mövzulardan olub. Çünki Fransanın xarici işlər naziri Stefan Sejurne Antoni Blinkenlə “Azərbaycan ritorikası nəzarətdən çıxır” deyərək rəsmi Bakını şantaj etməyə çalışıb.
Odur ki, Blinken təkcə, Brüssel görüşünə deyil, həm də Fransa XİN başçısı ilə keçirdiyi görüşdəki məsələyə də aydınlıq gətirməli olub.
Fransa və Ermənistan guya Azərbaycanın müharibəyə hazırlaşdığını iddia edir. Dövlət başçısı bunun da Fransanın yalan danışdığını Blinkenin diqqətinə çatdırıb.
Azərbaycanın səkkiz kəndi hələ də Ermənistanın işğalı altındadır. ABŞ, Fransa həmin ərazilərin geri qaytarılmasına yardım edib, regional sülhə töhfə verə bilər. Ancaq 30 il ərzində olduğu kimi yenə də Ermənistanın başını tumarlamaqla Fransa ilə birlikdə onların yalanlarına əsaslanıb, rəsmi Bakı ilə yeni hərbi əməliyyatların başlamaması məsələsini müzakirə etməsi Cənubi Qafqazın təhlükəsizliyi, bölgədə sülh və əməkdaşlığa xeyirdən çox ziyan vurur. Bu həm də Ermənistanla birbaşa danışıqlara, habelə tərəflər arasında etimad mühitinin və dayanıqlı sülhün yaranmasına mənfi təsir göstərir. Dövlət katibinin İrəvan-Paris cütlüyünün yalanlarını rəsmi Bakı ilə müzakirəyə çıxarması da ABŞ-nin regionla bağlı məsələləri bir mənbədən aldığının göstəricisidir.
Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşündə “Ermənistanın təhlükəsizliyinə dair pakt”ın imzalanacağı xəbərini də həmin cütlüyə aid qaynaqlar yaymışdı. Onların yalanına (bu, aprelin 5-də dəqiqləşəcək) ABŞ dövlət Departamenti, Avropa İttifaqı və ötən gün isə Antoni Blinken aydınlıq gətirməyə məcbur oldu.
Yeri gəlmişkən, martın 27-də Azərbaycan Xarici İşlər Nazirliyi üçtərəfli konfransı açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıdığını, ikili standart yanaşmasına əsaslandığını vurğulamışdı.
Ermənistanın Azərbaycanla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmədən qərblə qeyri-şəffaf əlaqələr qurması, qarşı tərəfin onun yalanlarına inanması regional təhlükəsizlik məsələlərinə ciddi problem yaradır. Bu ölkə yarandığı gündən əl buyruğu olub. Azərbaycan torpaqları işğal altında olanda Rusiyanın tapşırıqlarını yerinə yetirən, rəsmi İrəvan indi də eyni sədaqətlə qərbə qulluq göstərməyə çalışır. Ermənistan sovet dövründə də sonralar da Azərbaycanla bağlı yalanlar yaymaqla özünü haqlı çıxarmağa çalışıb. Azərbaycanın müharibə aparacağı ilə bağlı İrəvanın yaydığı şayiə onun ənənəvi, yalan yaymaq vərdişini tərk etmədiyini təsdiqləyir.
Əvvəllər Moskva erməni yalanlarına inanırdı. İndi bu funksiyanı ABŞ başda olmaqla Qərb bloku həyata keçirir.
İndi bölgədə yeni şərait yaranıb. Azərbaycan torpaqları işğal altında olandakı vəziyyət Türkiyə və Azərbaycandan başqa İran, Rusiya, ABŞ, Fransa da daxil olmaqla regional maraqlarını təmin etmək istəyən bütün tərəfləri qane edirdi. Çünki bu Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmış ssenari idi. Bu oyun Prezident İlham Əliyevin rəhbərliyi altında alt-üst edildi. Cənubi Qafqazda yaranan mövcud vəziyyəti Qərb və Ermənistan hələ də qəbul etmək istəmir.
Beynəlxalq aləmdə davam edən gərginliklər fonunda Antoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığı Qərbin bölgəyə xüsusi önəm verdiyini təsdiqləsə də, Ermənistana ağırlığın verilməsi perspektivə hələ ümidverici heç nə vəd etmir. Keçmiş sovet məkanlarındakı münaqişələr Qərblə Rusiyanın qarşıdurmasına təsirsiz ötüşmür. Ukrayna hadisələri sübut edir ki, bu blokun Ermənistanla əməkdaşlığı bəhanə edərək tədbirlər keçirməsi regionun təhlükəsizliyinə, sabitliyinə yaxşı nəsə vəd etmir.
Azərbaycan torpaqlarını işğaldan azad etməklə beynəlxalq güclərin uzun illər ümidinə qalan və həll edilməyən münaqişəyə son qoyaraq Cənubi Qafqazda yeni status-kvonun yaranmasının əsas müəlliflərindən oldu. Ölkəmizin əsas hədəfi regionda sülh və təhlükəsizliyin təmin olunması, əməkdaşlığın inkişaf etdirilməsi və qurulmasıdır. Çünki ölkə Ermənistanın və onun Fransa kimi havadarlarının yaratdığı şəraitdən 30 il əziyyət çəkib. Ona görə də Azərbaycan haqlı olaraq yeni münaqişə ocağının yaranmasının qarşısını bəri başdan alır.
Antoni Blinkenlə telefon danışığı da bu hədəfə xidmət edib. Azərbaycan regional təhlükəsizliyin əsas təminatçısıdır. Bu reallığın Qərb və başqaları tərəfindən anlayışla qarşılanması yaxşı olardı. Çünki təhlükəsiz, sabit Cənubi Qafqaz maraqlı güclərə daha çox lazımdır.
“Report” İnformasiya Agentliyi