Azərbaycanda cinayətkarların təqib olunması məqsədilə PUA hazırlanacaq

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi məqsədilə biznes inkubasiya fəaliyyəti həyata keçirilir.

YT Parkdan “QİA.az”a bildirilib ki, biznes inkubasiya proqramı çərçivəsində erkən inkişaf mərhələsində olan startapların dəstəklənməsi məqsədilə inkubator rezidentliyinə seçim müsabiqəsi keçirilib.

Əsas məqsəd ideya mərhələsində olan startapları prototip hazırlamaq səviyyəsinə çatdırmaq və bazarda investor axtarışına dəstək göstərmək olub. Müsabiqədə qalib olan layihənin rəhbərinə inkubator rezidenti olmaq imkanı və bu layihənin prototip xərclərinin qarşılanması təminatı verilib.

Müsabiqənin nəticələrinə əsasən, müstəqil layihə rəhbəri Nadir Babaxanovun “GÖZ – N1” pilotsuz uçan aparat (PUA) layihəsi qalib olub.

Dron sənayesində yeni bir istiqamət təşkil edən “GÖZ – N1” layihəsi kompakt, istifadəsi asan və tamamilə modul olması ilə fərqlənir. İstənilən hava şəraitində istifadə olunması isə onu digər PUA-lardan daha üstün edəcəkdir. Video və idarəetmə paneli üçün xüsusi olaraq hazırlanmış sistem və proqram təminatı tapşırıqdan asılı olaraq kamera və idarəetmə panelini dəyişdirməyə imkan verəcəkdir.

“GÖZ – N1”in xüsusi forması və aerodinamika ilə onu istənilən ərazidə 30 saniyəyə uçuş vəziyyətinə gətirmək mümkün olacaq. Dronun kompakt ölçüsü daşınma zamanı heç bir çətinlik yaratmayacaq.

Yığılmış formada 330 x 120 mm, açıq formada 330 x 360 mm ölçülərə malik, çəkisi 2,5 kq təşkil edən bu dron tapşırıqdan asılı olaraq 3-10 km məsafəyə 4700 m yüksəklikdə 45– 55 dəqiqə ərzində 25 m/s uçuş sürəti ilə hərəkət etmək imkanına malik olacaq.

“GÖZ – N1”dən hərbi sənayedə kəşfiyyat, təkrarlayıcı (retranslyator), kamikadze kimi istifadə etmək, düşmənin yerləşdiyi artilleriya və ya bölüklərin dəqiq koordinatlarını tapmaq malik olacaq.

Fövqəladə hallar zamanı kompaktlığı və istənilən ərazidə uçma qabiliyyəti sayəsində bu dron sürət və effektivlik baxımından əvəzolunmaz keyfiyyətlərə malik olacaqdır. Keçməyin çətin olduğu yerlərdə və işçilərin təhlükəsizliyi üçün xüsusi yanğın söndürən maddədən istifadə etmək olar. O, dağlıq ərazilərdə və zəlzələ zamanı dağılmış yerlərdə xilasetmə qrupu üçün koordinat işarəsi kimi istifadə oluna bilər.

Geologiya və zoologiya sahəsində isə geoloqlar bu dronu qazıntılar üzərində uçmaq və ümumi foto və video çəkilişlər aparmaq üçün istifadə edə bilərlər. Zooloqlar heyvanları asanlıqla müşahidə etmək üçün dronun kamerasını canlıya tərəf yönəldərək “izlə” əmrindən istifadə edə bilər.

Mühafizə məqsədilə “GÖZ – N1” ərazidə geniş əhatə dairəsi olan təhlükəsizlik kamerası funksiyasını yerinə yetirə bilər. Tədbirlərdə havadan müşahidə ilə təhlükəsizliyi təmin etmək üçün, eləcə də istənilən şəraitdə cinayətkarların təqib olunması məqsədilə istifadəyə olduqca yararlı olacaqdır.

 Nadir Babaxanov

Oxşar Xəbərlər