Azərbaycan konstitusiyasının 48-ci maddəsinə görə Azərbaycanda hər kəs istədiyi dinə etiqad etməkdə sərbəstdir. 2015-ci ilin statistik təxminlərinə görə, Azərbaycanda yaşayan əhalinin 93,4%-i müsəlman, 3,1 %-i xristian, 3 % isə hər hansı bir dinə bağlı deyildir. Yerdə qalan 0,5 %-ə isə digər dinin mənsubları aiddir. Azərbaycanda 28-i qeyri-islam olmaqla 784 dini icma fəaliyyət göstərir.
Müsəlman əhalisinin 85 faizi şiə, 15 faizi isə sünnilərdir. Xristianların böyük əksəriyyəti rus pravoslavlarıdır.Xristianlar Bakı və bir sıra digər şəhərlərdə cəm halında yaşayırlar. Ölkənin 20000 nəfərlik yəhudi icmasının böyük hissəsi Bakıda yaşayır. Qubada və başqa ərazilərdə də kiçik icmalar mövcuddur.
Şiələr, sünnilər, rus pravoslavları və yəhudilər ölkənin ənənəvi dini qrupları hesab olunurlar.Lüteranların, roma katoliklərinin, baptistlərin, molokanların, yeddinci günün adventistlərinin və bəhailərin kiçik icmaları ölkədə yüz ildən artıqdır ki mövcuddur. 1991-ci ildə Azərbaycan müstəqillik əldə edildikdən bəri “vəhhabi” və sələfi müsəlmanlar, əllincilər və digər yevangelist xristianlar, o cümlədən Yehovanın Şahidləri və Hari Krişna kimi hökumətin əcnəbi və ya “qeyri-ənənəvi” icma kimi hesab etdiyi dini qruplar yaranmışdır.