Koronavirus pandemiyasının Hindistanın Delta variantının yoluxma gücü daha çox olan yeni ştammı – “Delta Plus” (K417N) sürətlə yayılmağa davam edir.
“QİA.az” xəbər verir ki, artıq dünyanın 11 ölkəsində yeni ştamma rast gəlinib.
Alimlər COVID-19-un Hindistan ştammına (DELTA) yoluxmuş xəstələrin dörd yeni simptomla qarşılaşdıqlarını bəyan edirlər. Belə ki, SARS-CoV-2-nin delta variantına yoluxanlar tez-tez ishaldan şikayətlənirlər. Halbuki pandemiyanın ilk dalğası zamanı bənzər simptom daha az müşahidə edilirdi. Bundan əlavə, Hindistan ştammının pasiyentləri qanqrenaya gətirib çıxaran trombların yaranması ilə qarşılaşırlar. Simptomlar arasında həmçinin eşitmə pozğunluğu və ağır mədə narahatlığı da var. “Delta” variantı son altı ayda 60-dan çox ölkədə yayılıb.
Mütəxəsislər “Delta Plus”un (K417N) ilk dəfə Cənubi Afrika qeydə alındığını iddia edirlər. Bu da o deməkdir ki, hind variantlı ştamm Cənubi Afrika növü ilə qarışıqdır. Bu ştammın əvvəlki dominant növdən – Britaniya ştammından 60% daha sürətli yoluxduğu qeyd olunur. Eyni zamanda bu virus ağciyər hüceyrələrinə daha asan düşür. Lakin yenə də bu sahədə tədqiqatlar davam edir. Delta ştammı daha çox gənc və iki doz peyvəndi vurdurmayan şəxslərdə müşahidə edilir. İlkin araşdırmalara görə Pfizer-Biontech vaksinin iki dozasının yeni ştamma qarşı 80 %-in üzərində effektiv olduğu bildirilir.
“Delta” variantına qardaş ölkə olan Türkiyədə də yoluxan şəxslər olub. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca 134 belə faktın olduğunu təsdiqləyib.
Bu da o deməkdir ki, Hindistan ştammı Azərbaycana hər an daxil ola bilər.
Qeyd edək ki, bu ilin mart ayında Azərbaycanda “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilmişdi.
Xatırladaq ki, bu günə qədər ölkədə 335 676 nəfər COVID-19-a yoluxub. Onlardan 329 870 nəfəri artıq sağalıb. Ümumilikdə isə virusa yoluxan 4 965 nəfər dünyasını dəyişib.