COVID-19 əleyhinə vaksinasiyasının növbəti mərhələsinin nizamlı təşkil olunması məqsədilə randevu.its.gov.az adlı sayt yaradılıb.
“QİA.AZ” xəbər verir ki, peyvənd olunmaq istəyən 65 yaşdan yuxarı vətəndaşlar fevralın 5-i saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçə bilərlər.
Vətəndaşlar sayt vasitəsilə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçəcəklər. Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara SMS vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura biləcəklər.
İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən “Məlumat forması”nda öz əksini tapsa da, əlavə olaraq SMS vasitəsilə ikinci dozanın vurulma tarixi təkrar birdiriləcək.
Qeyd edək ki, yalnız randevu.its.gov.az internet ünvanında öncədən qeydiyyatdan keçməklə vaksinasiya üçün müraciət etmək mümkündür və ikinci dozanın vurulması birinci dozanın vurulduğu məntəqədə həyata keçiriləcək.
Sözügedən sistemdən istifadə qaydaları ilə bağlı yaxın günlərdə əlavə təlimatlar veriləcək.
Xatırladaq ki, fevral ayının 8-dən etibarən COVID-19 əleyhinə vaksinasiyasının ikinci mərhələsi başlanılacaq.