Azərbaycanda ötən il 7 min tona yaxın bal istehsal olunub

bal

2020-ci ildə Azərbaycandakı 32 340 təsərrüfatda mövcud olan 596,7 min arı ailəsindən 6 647,2 ton bal, 157,6 ton mum, 14,6 ton vərəmum, 14,7 ton güləm və 366,1 kq arı südü əldə olunub.

“QİA.AZ” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, balın 1 kiloqramının orta satış qiyməti 24,9 manat, mumun – 12,7 manat, vərəmumun – 131,6 manat, güləmin – 127,2 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5,0 manat olub.

“Arıçılığın inkişafının stimullaşdırılması haqqında” ölkə prezidentinin 2018-ci il 5 mart tarixli 3 747 nömrəli sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib ki, bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərməklə yanaşı kənd yerlərində məşğulluğun təmin edilməsi və əhalinin gəlirlərinin artımı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, 2017-ci illə müqayisədə 2020-ci ildə arı ailələrinin sayı 325 min, bal istehsalı isə 3 604,1 ton artıb. Ümumiyyətlə, “Arıçılıq haqqında” qanunun qəbul edildiyi dövrdən sonrakı 12 ildə bal istehsalı 4,7 dəfə, arı ailələrinin sayı 4,2 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,5-ə yüksəlib.

Oxşar Xəbərlər