Azərbaycanda “Sputnik V” vaksininin tətbiqinə başlanılıb

Bu gündən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə Rusiya istehsalı olan “Sputnik V” vaksininin istifadəsinə başlanılıb.

“QİA.az” xəbər verir ki, vətəndaşlar peyvəndi Bakı Sağlamlıq Mərkəzində vurdura bilərlər.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Qeyd edək ki, “Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb. Mayın 2-də Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyası 40 min doza peyvəndi ölkəyə gətirilib.

Azərbaycanda koronavirusla mübarizə məqsədilə peyvəndləməyə yanvarın 18-dən start verilib. Hazırda ölkədə “Sputnik V” ilə yanaşı Çin istehsalı olan “Sinovac”, Böyük Britaniya-İsveçrə şirkətinin “AstraZeneca” vaksinindən də istifadə olunur.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 834 657, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 042 781, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 791 876 nəfər təşkil edir.

Oxşar Xəbərlər