Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən asılı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. Bu gün onların – ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.

QİA.az xatırladır ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün ilk səhiyyə və sosial təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.

Bir əsrdən çox müddətdə Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahəni dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.

Hər bir cəmiyyətin, dövlətin tərəqqisini sürətləndirən ən mühüm amillərdən biri yüksək səmərəliliyə malik sosial siyasətin həyata keçirilməsidir. Ölkədə səhiyyə sektorunun inkişafı ilə bağlı aparılan islahatlar sosial siyasətin başlıca istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin tapşırıqlarına və göstərişlərinə əsasən son illər səhiyyədə aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə əlaqədar görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır. Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.

Oxşar Xəbərlər