Azərbaycanda yeni üsulla 1 200 yerli investisiyalı MMC qeydiyyata alınıb

Sen21,2021

2020-ci ilin mart ayından başlamaqla müşahidə olunmuş 12 aylıq azalma dövründən sonra, ardıcıl altı ayda (2021-ci ilin mart-avqust ayları) vergi ödəyicilərinin qeydiyyatının sayında artım müşahidə edilir.

“QİA.AZ” xəbər verir ki, bu barədə İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu il sentyabrın 1-nə respublika üzrə uçotda olan 1 291 565 vergi ödəyicisinin 87,8 %-i fiziki şəxs, 12,2 %-i hüquqi şəxs və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,8 % artıb ki, bu artımın 91 %-i fiziki şəxslərin, 9 %-i hüquqi şəxslərin hesabınadır. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (98, 6%) kommersiya qurumları hesabına baş verib. Kommersiya hüquqi şəxslərin 88,4 %-i MMC, 1,5 %-i səhmdar cəmiyyət, 1,3 %-i kooperativ və s. formalarda yaradılıb.

Yanvar-avqust aylarında 7 482 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 23 % çoxdur. Həmin qurumlarının 82,8 %-i elektron qaydada, 17,2 %-i isə kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 92,3 % təşkil edib. İlkin qeydiyyat prosedurundan keçmiş kommersiya hüquqi şəxslərdən 1 701-nin ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub.

Hesabat dövründə qeydiyyatdan keçmiş 7 482 kommersiya qurumunun 91,2 %-i yerli investisiyalı, 8,8 %-i xarici investisiyalı müəssisələrdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının xüsusi çəkisi 36,5 % artıb.

2021-ci il sentyabrın 1-nə 16 382 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bunlardan 10 982-nin fəaliyyəti aktivdir, 4 525-nin fəaliyyəti dayandırılıb, 875-i isə ləğv edilib.

Avqust ayında dövlət qeydiyyatına alınmış xarici investisiyalı kommersiya hüquqi şəxslərin 35,8 %-i Türkiyə, 11,6 %-i Gürcüstan, 10,5 %-i İran, 9,5 %-i Rusiya, 5,3 %-i Pakistan və 4,2 %-i Hindistan investisiyalı hüquqi şəxslərdir.

2021-ci ilin yanvar-avqust aylarında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1 200 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (MMC, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 64,4 % çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16 %, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 17,9 % təşkil edib.

2021-ci ilin 1 sentyabr tarixinə 300 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

Oxşar Xəbərlər