Azərbaycanın iki sərbəst güləşçisi Bakıdakı Avropa çempionatının finalında

Azərbaycanın iki sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Kənan Heybətov (70 kiloqram) və Ali Tsokayev (79 kiloqram) qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar.

Onlar yarımfinalda müvafiq olaraq, belaruslu Mikita Demçanka və moldovalı Marius Retkoya qalib gəliblər.

Bu gün, həmçinin qadın güləşçilərdən Elnurə Məmmədova (53 kiloqram) və Jalə Əliyeva (57 kiloqram) qızıl, Mərziyyə Sadıqova (72 kiloqram) isə bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatının ilk 4 günündə Azərbaycan ümumilikdə 9 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) isə bürünc medala yiyələniblər.

Oxşar Xəbərlər