Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin ən yüksək reytinqə malik qadın şahmatçısı, Azərbaycan millisinin kapitanı və Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadəyə qarşı sinxron şahmat turniri keçirilib.
QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin Vyana Şahmat Federasiyası ilə birgə təşkil etdiyi seansda peşəkar və yeniyetmə şahmatçılar, eləcə də şahmat həvəskarları olmaqla 30 oyunçu iştirak edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova seansdan öncə çıxış edərək bildirib ki, Azərbaycan zəngin ənənələrə malik və tarixən inkişaf etmiş şahmat məktəbinə malik ölkədir və Azərbaycan şahmatçıları dünyada aparıcı yerləri tuturlar. Şahmat ölkəsi olan Azərbaycanda dövlət tərəfindən şahmatın inkişafına xüsusi diqqət yetirilir və buna görə də şahmatçılarımız həm fərdi, həm də komanda yarışlarında uğurla çıxış edirlər.
Azərbaycanın reytinqinə görə ən güclü qadın şahmatçısı Günay Məmmədzadənin Avstriyaya dəvət edilməsi, onun yerli şahmatçılar üçün oyun analizləri təqdim etməsi və sinxron yarışda iştirakı Vyana Şahmat Federasiyası tərəfindən böyük məmnuniyyətlə qarşılanıb. Bu turnir Azərbaycanın qadın şahmatçılarının peşəkarlıq səviyyəsini göstərməklə yanaşı, yeni nəsil şahmatçıların yetişməsi və motivasiyası üçün də xüsusi əhəmiyyət kəsb edir.
Diqqətə çatdırılıb ki, hazırda Kanadanın Toronto şəhərində İddiaçılar Turnirində iştirak edən azərbaycanlı qrossmeyster Nicat Abasov da eyni formatda vyanalı şahmatsevərlər üçün seans keçirib və gələcəkdə digər tanınmış Azərbaycan şahmatçılarının Vyanada şahmat tədbirlərinə qatılması imkanı arzulanan hal olardı.
Vyana Şahmat Federasiyasının vitse-prezidenti Hanna Vehbe yaradılan imkanı şahmatçılar üçün, xüsusilə də yeniyetmə şahmatçıların peşəkarlığının artırılması üçün unikal fürsət kimi dəyərləndirib və Azərbaycan Mədəniyyət Mərkəzinə əməkdaşlığa görə təşəkkür edib.
Qeyd edək ki, sinxron turnirin məqsədi dünya şahmatında xüsusi çəkiyə malik Azərbaycan şahmat məktəbinin yetirmələrini geniş ictimaiyyətə tanıtmaq, ölkəmizdə qadın şahmatının inkişafını nümayiş etdirmək, gənclər arasında şahmatın tanınmasına töhfə vermək, Avstriya və Azərbaycan şahmatçıları arasında əlaqələri dərinləşdirməkdir.
Dünya reytinqində qadınlar arasında 2436 xalla 34-cü, Avropada 18-ci və Azərbaycan şahmatçıları arasında isə 1-ci yeri tutan Günay Məmmədzadə 2000-ci ildə Bakıda anadan olub. Beş yaşından şahmat oynamağa başlayan G. Məmmədzadə 2014-cü ildə qadınlar arasında beynəlxalq qrossmeyster dərəcəsini, 2018-ci ildə isə kişilər arasında beynəlxalq usta dərəcəsini əldə edib. Qadınlar arasında ikiqat Azərbaycan çempionu, yeniyetmələr arasında dünya və ikiqat Avropa çempionu 2016-cı ildən qadınlardan ibarət Azərbaycan yığmasının üzvü, hazırda isə kapitanıdır.