Azərbaycanın Qırğızıstandakı səfirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünün açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılışda Qazaxıstanın səfiri Rapil Joşıbayev, Özbəkistanın səfiri Saidikram Niyazxocayev, Tacikistanın səfiri Alizoda Nazirmad, Belarusun səfiri Sergey Molunov, Qırğızıstan Xalqları Assambleyası Şurasının sədri Almambet Matubraimov, Qırğız Respublikası Yazıçılar Birliyinin sədri Kanıbek İmanaliyev, Heydər Əliyev adına Məktəbin direktoru Kanıkey Alımkulova iştirak ediblər.
Açılış mərasimində çıxış edən Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Ulu Öndər Heydər Əliyevin xatirəsinin azərbaycanlıların qəlbində ildən-ilə daha da möhkəmləndiyini söyləyib.
“1990-cı illərdə və 2000-ci illərin əvvəllərində o, sabitliyə nail oldu. Bu sabitlik sayəsində biz iqtisadi cəhətdən inkişaf edə bildik, eyni zamanda, hərbi-siyasi potensialımızı gücləndirə bildik. Heç kim inanmayanda Heydər Əliyev inanırdı ki, biz işğal olunmuş əraziləri azad edəcəyik. O, bu inamı xalqımızın qəlbinə saldı. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin Qarabağı azad etmək vəsiyyətini yerinə yetirdi”, – deyə səfir qeyd edib.
L.Qəndilovun sözlərinə görə, Qırğızıstanla Azərbaycan arasında energetika sahəsində konkret razılaşmalar var. “COP29 çərçivəsində Bakıda Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji ilə bağlı mühüm sənədlər imzalanıb. Bildiyimə görə, indi Azərbaycandan Qırğızıstana neft tədarükü məsələsi həll olunur. Prezidentlərin göstərişi ilə iki ölkənin energetika nazirlərinin səfəri zamanı bu məsələ müzakirə olunub. Bu məsələnin həll edilməsi uğurla gedir”, – deyə diplomat qeyd edib.
“Hərbi əməkdaşlıq çox yaxşı inkişaf edir. Bilirsiniz ki, bu il bizim müdafiə nazirimiz Bişkekdə, sizin müdafiə naziri isə Bakıda oldu. Bütün səviyyələrdə fəal siyasi dialoq gedir”, – deyə o əlavə edib.
Digər mühüm məsələ iki ölkənin tranzit potensialından istifadə edilməsidir. “Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin başa çatması ilə bu potensial dəfələrlə artacaq”, – deyə səfir bildirib.