Azərbaycanın qış turizm mərkəzlərində bir sıra yeniliklər tətbiq edilib – AÇIQLAMA

Noy14,2021

Azərbaycanda qış turizm mərkəzlərində bir sıra yeniliklər tətbiq edilib.

Bu barədə sorğuya cavab olaraq Turizm Bürosunun turizm sənayesi və destinasiyanın inkişafı departamentinin direktoru İlkin Cavadov məlumat verib.

O bildirib ki, ölkəmizdə hazırda Tufandağ və Şahdağ qış turizm mərkəzləri fəaliyyət göstərir və bu ilin martında Naxçıvan Muxtar Respublikasında yaradılan Ağbulaq Qış Turizm Mərkəzi də dekabrdan turist qəbuluna başlayacaq.

“Şahdağ qış turizm mərkəzində 2590 metrlik amerkansayağı dağ çarxı (roller coaster) bu ildən fəaliyyətə başlayır. Bu, Qafqazda ən uzun dağ çarxıdır. Xüsusən xizək sürə bilməyənlər üçün maraqlı əyləncə növü ola bilər. Həmçinin, müxtəlif xizək yolları və əlavə bir kanat yolu da olacaq.

Bundan başqa, Şahdağ turizm mərkəzinin 3 kilometrliyində yerləşən Aladaş kəndində Dövlət Turizm Agentliyi tərəfindən müəyyən bərpa və abadlaşdırma işləri görülüb. Burada 2-3 ev sırf qonaq evi kimi fəaliyyət göstərəcək. Digər ev sahibləri də bu işdə maraqlıdırlar. Bu, Azərbaycanda kənd turizminin inkişafına imkan yaradır. Kurortların daxilindəki 4 və 5 ulduzlu otellər hər kəs üçün əlçatan olmaya bilər. Lakin alternativ qonaqlama yerlərində qiymətlər daha münasibdir və büdcəyə uyğun ev tapmaq mümkün olacaq.

Tufandağ qış turizm mərkəzində isə dağın yamacında xüsusi yellənçəklər quraşdırılacaq. Bu, qonaqlara dağın üzərindən açılan mənzərədən zövq almağa imkan verəcək. Həmçinin, burada da yeni yollar yaradılacaq” – deyə, departament rəhbəri bildirib.

Oxşar Xəbərlər