Azərbaycanın quruda yerləşən yatağında bu il hasilat olmayacaq

Yan5,2021

Azərbaycanın quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları bloku üzrə layihəyə xitam verilməsi səbəbindən 2021-ci ildə yataq üzrə hasilat olmayacaq.

“QİA.AZ”ın məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, 2020-ci ildə də bu yataqlar blokunda hasilat olmayıb. 2019-cu ildə isə bu yataqlar blokunda hasilatın həcmi 0,05 milyon barel təşkil edib.

Xatırladaq ki, ötən ilin noyabr ayında Kanadanın “Zenith Energy” şirkəti “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları bloku üzrə Müqavilə Reabilitasiya Sahəsinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təhvilvermə prosesini yekunlaşdırıb.

Bundan öncə də xəbər verilib ki, təhvilvermənin nəticəsi olaraq “Zenith” Azərbaycanda neft hasilatını dayandırıb və hasilatla məşğul olan təxminən 170 nəfərlik işçi heyəti SOCAR-ın tərkibinə keçib.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat 2016-cı il avqustun 11-də başlanıb.

Oxşar Xəbərlər