10 iyun tarixində Azərbaycanın sədrliyi ilə videokonfrans formatında Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının Enerji Sektoru Koordinasiya Komitəsinin 31-ci iclası keçirilib. Tədbirdə 11 üzv ölkədən və bir sıra beynəlxalq qurumlardan olan 80-ə yaxın nümayəndə iştirak edib.
“QİA.az” xəbər verir ki, iclasda Enerji Sektoru Koordinasiya Komitəsi çərçivəsində əməkdaşlığın yeni innovativ üsulları, CAREC-in 2030-cu ilədək enerji strategiyasının həyata keçirilməsində əsas çağırışlar, enerji islahatlarının onlayn atlasının hazırlanması, qadınların energetika sektorunda rolu, “yaşıl enerji” layihələrinin maliyyələşdirilməsi üçün regional maliyyə alətinin yaradılması məsələlərinə toxunulub.
İclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev açılış nitqi ilə çıxış edərək bildirib ki, CAREC proqramı iyirmi il ərzində regional əməkdaşlıq üçün katalizator rolunu oynamaqla əlaqələrin daha da gücləndirilməsinə fəal şəkildə töhfə verir. Azərbaycan da enerji sahəsində regional əməkdaşlığın və inteqrasiyanın daha da gücləndirilməsinə sadiqdir.
Azərbaycanın enerji sektoru haqqında məlumat verən sədr bildirib ki, son 10 ildə yeni sənaye sahələrinin yaradılması hesabına ölkədə elektrik enerjisi istehsalı 27,6%, istehlak isə 37,8% artmışdır. Bildirilib ki, elektroenergetika sisteminə yatırılan investisiyalar və modernləşdirmə tədbirləri nəticəsində son 10 ildə elektrik enerjisinin səmərəliliyi və keyfiyyəti kifayət qədər yüksəldilmiş, itkilərin səviyyəsi azaldılmışdır: “Elektrik enerjisi istehsalı və paylanmasında itkilər 22,4%-dən 9,4%-ə, 1 kilovat-saat elektrik enerjisi istehsalına sərf olunan yanacaq istehlakı isə 319 qramdan 264 qramadək azalıb”. Eyni zamanda qeyd edilib ki, ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən biri olan enerji təhlükəsizliyini təmin etmək üçün görülən işlər Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi mövqeyini möhkəmləndirib: “Qonşu ölkələrlə uğurlu əlaqələrin inkişaf etdirilməsi nəticəsində 2010-cu illə müqayisədə 2020-ci ildə elektrik enerjisi ixracı 380 milyon kilovat-saatdan 1 milyard 151 milyon kilovat-saatadək yüksəlib”. Nazir müavini həmçinin, ölkəmizdə bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində görülən işlər haqqında məlumat verib.
Tədbirdə Enerji Sektoru Koordinasiya Komitəsi çərçivəsində yaradılmış üç İşçi qrupunun və üç məqsəd qruplarının hesabatları dinlənilib. Enerji effektivliyi və enerji balansının şaxələndirilməsi üzrə İşçi qrupunun həmsədri, Nazirliyin Enerji səmərəliliyi sektorunun müdiri Asəf Rzayev “Yaşıl enerji” layihələrinin maliyyələşdirilməsi üzrə yeni regional mexanizm konsepsiyası və enerji effektivliyi üzə məlumatlandırılmanın gücləndirilməsi mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə iştirak edən müxtəlif ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri energetika sahəsində əməkdaşlığın gücləndirilməsi, enerji təhlükəsizliyi, islahatlar, qadınların iştirakının dəstəklənməsi, bərpa olunan enerji və enerji effektivliyi sahəsində regionda və dünyada gedən proseslər haqqında təcrübələrini bölüşmüşlər.
Xatırladaq ki, 2021-ci ildə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına ölkəmiz sədrlik edir.