“Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” adlı konfrans keçirilib

Apr26,2024

Aprelin 25-də sahibkarların iştirak ilə “Gülüstan” sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyinə həsr olunmuş “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü ” adlı konfrans keçirilib.

QİA.az xəbər verir ki, konfransda iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi nazirləri, Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Əvvəlcə Konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.

Konfrans öz işinə Azərbaycanın Dövlət himninin səslənməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov (video müraciət), əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, “Hünər Qrup” şirkətinin təsisçisi və baş direktoru Ehtiram Quliyev çıxış ediblər.

Çıxışlarda ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən özəl sektorun formalaşması və inkişafında Ulu Öndərin rolu, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, özəl sektorun inkişafı, sahibkarların sosial rifah və məşğulluqda rolu, kiçik və orta biznesin inkişafının prioritetliyi, dövlət-özəl dialoqunun əhəmiyyəti barədə məlumat verilib.

Tədbirdə sahibkarlığın inkişafına və ASK-nın 25 illiyinə dair filmlər nümayiş olunub, dövlət-özəl dialoqunun inkişafına verdiyi töhfələrə görə bir qrup sahibkar mükafatlandırılıb.

Mükafatlandırılanlar sırasında Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasovda var.

Konfransın sonunda Prezident İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.

Tədbir bədii hissə ilə başa çatıb.

Oxşar Xəbərlər