Azərbaycanın tarixində xüsusi yeri olan günlərdən biri də 1969-cu il iyulun 14-dür. Azərbaycan KP MK-nın iyul plenumunda Heydər Əliyevin birinci katib seçilməsi ilə respublikamızın intibah dövrü başladı.
Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə seçilməsi ilə, həmçinin xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlər həyata keçirildi, insanlarda milli ruhun oyanışı başladı. Ümummilli Lider Qarabağa xüsusi diqqət və qayğı göstərir, Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyurdu. Beləliklə, ermənilərin ərazi iddiaları uğursuzluqlara düçar olur, onların çirkin niyyətlərinin həyata keçirilməsi üçün ciddi bir maneə yaranırdı. Ulu Öndərin qətiyyəti, prinsipiallığı SSRİ rəhbərliyindəki erməni millətçilərini çox narahat edirdi.
Ümummilli Lider Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həmçinin onun zəngin dövlətçilik irsi xalqımızın əvəzsiz sərvəti, gələcəyə uzanan yollarımızda sönməyən mayak, xalqımızın qürur və iftixar mənbəyidir. Ulu Öndər SSRİ-nin əsas rəhbər orqanının – Siyasi Büronun üzvü idi. Sonradan SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdi. Bu, Azərbaycanda böyük ruh yüksəkliyi yaratmışdı. İlk dəfə idi ki, Azərbaycan oğlu SSRİ-nin hakimiyyət iyerarxiyasında yüksək mövqe tuturdu. Həmin dövrdə Heydər Əliyev bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi.
Hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı Heydər Əliyevin şöhrətini getdikcə artırırdı. Bu, imperiyanın bəzi rəhbərlərini qıcıqlandırır, onlarda həsəd və paxıllıq hissləri baş qaldırırdı. Ulu Öndər özünün vəzifə səlahiyyətlərindən istifadə edərək, İttifaq əhəmiyyətli bəzi layihələri Bakıya yönəltdi. Yorulmaz fəaliyyəti, yüksək təşkilatçılıq qabiliyyəti Ulu Öndəri ittifaqın hər yerində məşhurlaşdırdı.
Mixail Qorbaçovun siyasi hakimiyyətə gəlişindən sonra Heydər Əliyevə qarşı aparılan bədnam kampaniya artıq açıq müstəviyə keçdi. O, ölkə rəhbərliyi ilə aralarında yaranmış ciddi fikir ayrılığı səbəbindən tutduğu vəzifələrdən istefa verdi. Bununla da Azərbaycanın qara günləri başladı. Tam əminliklə demək olar ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, 20 Yanvar hadisələri baş verməz, torpaqlarımız işğal edilməzdi.
Dövlət müstəqilliyimizin bərpa olunduğu ilk illərdə Azərbaycanda görünməmiş xaos və anarxiya hökm sürürdü. İqtidarın səriştəsizliyi, hakimiyyət uğrunda çəkişmələr ölkəni uçuruma aparırdı. 1993-cü ilin ortalarında siyasi-iqtisadi böhran kulminasiya nöqtəsinə çatdı. Belə mürəkkəb və ağır vəziyyətdə xalqın yeganə ümid yeri Heydər Əliyev idi. Hamı düşünürdü ki, Azərbaycanı düşdüyü fəlakətdən yalnız o xilas edə bilər. Odur ki, xalqımız Ulu Öndəri təkidlə siyasi rəhbərliyə dəvət edirdi. 1993-cü il iyunun 9-da onu Bakıya gətirən təyyarə Binə Hava Limanına eniş etdi. Xalq öz xilaskarını böyük ümid və sevgi ilə qarşıladı.
1993-cü il, 15 iyun. Tariximizə Dirçəliş Günü kimi yazılan həmin gün Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bununla da Ümummilli Lider xalqın taleyi üçün məsuliyyəti və xilaskarlıq missiyasını çiyinlərinə götürdü. İki dövlət çevrilişi cəhdinin, bir çox təxribatların qarşısını alan Ulu Öndər bununla ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi. Ulu Öndərin cəbhə bölgəsində əsgər və zabitlərlə görüşləri ordumuzun döyüş ruhunu daha da artırdı.
Müdrik siyasi və dövlət xadimi olan Heydər Əliyev, ilk növbədə, ölkəyə ictimai-siyasi sabitlik gətirdi, yeni iqtisadi strategiyanın əsasını qoydu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın inkişafının, gələcək uğurlarının təməlləri atıldı. Daha sonra bu strategiyanın nəticəsi olaraq Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallaşdırıldı. Prezident İlham Əliyev Ulu Öndərin ideyalarını uğurla davam etdirərək yeni transmilli layihələrin – Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizinin, o cümlədən TAP və TANAP-ın həyata keçirilməsinə nail oldu.
Ümummilli Lider sosial-iqtisadi siyasətdə köklü dəyişikliklər etməklə bərabər, nizami ordunun yaradılması istiqamətində də davamlı addımlar atırdı. Məhz həmin dövrdə qurulan ordu torpaqlarımızın işğaldan azad olunacağına inamı artırırdı.
Ulu Öndər hələ sovet dövründə peşəkar milli hərbçi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirmişdi. Belə ki, onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb yaradılmış, Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində azərbaycanlı gənclərə daha çox yer ayrılmış, bir çox gənclər SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərilmişdi. Məhz o dövrdə yetişən Azərbaycan hərbçiləri müasir ordumuzun təşəkkül tapmasında mühüm rol oynadılar.
Qarabağın işğaldan azad edilməsi Ulu Öndərin ən böyük arzusu idi. Bu müqəddəs arzu 2020-ci ilin noyabrında reallaşdı. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Ordumuz 30 illik işğala 44 gündə son qoyuldu. Eləcə də uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli Bayrağımızı ucaltması tariximizə daha bir unudulmaz hadisə kimi yazıldı.
Yaranmış yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi və Qazaxın dörd kəndinin azad olunması düşünülmüş siyasətin effektli nəticələridir. Hazırda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesi başlayıb, sülh müqaviləsinə doğru inamlı addımlar atılır.
Doğrudan da bu gün Ulu Öndərin ruhu şaddır: Düşmənin darmadağın etdiyi yurd yerlərimiz bərpa olunur, Qarabağa həyat yenidən qayıdır.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev quruculuq işlərində sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə yanaşı, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qayıdıb, azad olunmuş ərazilərə yaxın üç ildə 140 min insanın köçürülməsi nəzərdə tutulur. Azad olunmuş torpaqlarda aparılan möhtəşəm bərpa-quruculuq işlərinin təməlində Heydər Əliyevin ideyaları, inkişaf strategiyası dayanır. Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi illər ötdükcə özünü daha aydın nümayiş etdirir.
Beləliklə, 55 il əvvəl başlayan Heydər Əliyev yolu Azərbaycanı zəfərdən zəfərə, zirvədən zirvəyə aparmaqdadır.