9-10 fevralda Azərbaycan Turizm Bürosu Almaniya, Avstriya və İsveçrədən olan turizm nümayəndələrinin qatıldığı roudşouda iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən, “QİA.AZ” xəbər verir ki, COVID-19 pandemiyası səbəbilə onlayn formatda keçirilən tədbirə Azərbaycan Turizm Bürosu milli virtual stendlə qatılıb.
İki gün ərzində Azərbaycanın virtual stendini 70-dən çox şirkətin nümayəndələri ziyarət edib, 30-a yaxın təkbətək görüş keçirilib.
Görüşlərdə postpandemiya dövründə Azərbaycana səfərlərin artırılması və yeni turların başlanılması haqda fikir mübadiləsi aparılıb, eyni zamanda işğaldan azad edilmiş ərazilərimizin turizm potensialı, Azərbaycanda hazırkı vəziyyət, postpandemiya dövrünün planları, mövcud olan və inkişaf etdirilən turizm məhsulları haqqında məlumat verilib.
Görüş iştirakçılarının sualları cavablandırılıb, onlar Azərbaycandakı turizm trendləri və hazırda inkişaf prosesində olan layihələr barədə məlumatlandırılıblar.