Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən biri də Mərkəzi Asiya, eləcə də regionun türkdilli dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsidir. Türk dövlətləri ilə kəmiyyət və keyfiyyət baxımından intensivləşən əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdə davam edir. Bu baxımdan, Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə səfəri iki ölkə arasındakı münasibətlərin inkişafı istiqamətində olduqca mühüm əhəmiyyət kəsb edir. Ölkə başçılarının səmimi görüşləri və imzalanan sənədlər onu deməyə əsas verir ki, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişafdadır.
QİA.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələrinin olduğunu qeyd edən deputat münasibətlərimizin möhkəm təməllər üzərində qurulduğunu bildirib. Azərbaycanla Qırğızıstan arasındakı dövlətçilik münasibətlərinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan T.Cəfərova deyib: “Həmin münasibətlər bu gün yüksək səviyyədə inkişaf edir. İki ölkə arasında tarixdən gələn dostluq, qardaşlıq münasibətləri həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrdə baza rolunu oynayır. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir və ölkəmiz enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir”.
Deputatın sözlərinə görə, ölkələr arasında sıx əlaqələrin formalaşmasında iqtisadi amil olduqca mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə arasında iqtisadi-ticari sahədə fəal əməkdaşlıq mövcuddur. Ölkələrimiz arasında ticarət dövriyyəsinin dəfələrlə artması Azərbaycan və Qırğızıstan arasında münasibətlərin inkişaf dinamikasını aydın şəkildə ortaya qoyur. İki ölkə arasında bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyət uğurla davam etdirilir.“Qırğızıstan Prezidentinin səfəri çərçivəsində Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasiminin baş tutması, eləcə də Sadır Japarovun təşəbbüsü ilə Ağdam rayonunda orta məktəbin tikintisini Qırğızıstanın vəsaiti hesabına həyata keçirməsi ölkələrimiz və xalqlarımız arasında tarixdən gələn dostluğun və qardaşlığın açıq təzahürüdür”, – deyə Tamam Cəfərova vurğulayıb.
O bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə səfəri çərçivəsində iki ölkə arasında imzalanmış sənədlər qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində və bütün istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm rol oynayacaq.