Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyəyə 7,521 mlrd kubmetr qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,5% çoxdur.
“QIA.AZ” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, eyni dövrdə Azərbaycanın Türkiyə qaz bazarında payı isə 20,3%-dən 26%-ə yüksəlib.
Hesabat dövründə Türkiyənin ümumilikdə idxal etdiyi qazın miqdarı illik müqayisədə 2,5% azalaraq 28,952 mlrd kubmetrə enib.
Bu ilin 8 ayında Türkiyə Rusiyadan 6,856 mlrd kubmetr (illik müqayisədə 35,4% az), İrandan isə 3,098 mlrd kubmetr (31,4% az) qaz idxal edib. Bu ölkələrin bazar payı isə müvafiq olaraq 23,7% və 10,7% təşkil edib.
Qeyd edək ki, bu ilin avqust ayında Türkiyə Azərbaycandan 986 mln kubmetr həcmində təbii qaz idxal edib. Bu göstərici ötən ilin avqust ayından 34,2% çoxdur. Türkiyənin ümumi qaz idxalında Azərbaycan avqust ayında lider mövqeyini Rusiyaya verərək 2-ci yerdə qərarlaşıb, bazardakı payı isə 29,4% təşkil edib. İlk yerdə 1,37 milyard kubmetrlə Rusiya (illik müqayisədə 5,5% az), 3-cü sırada isə 406 milyon kubmetrlə İran (2,5 dəfə çox) qərarlaşıb.