Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü komissiyasının statusu artırıldı

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dair dövlət komissiyasına baş nazirin müavini Şahin Mustafayev sədr təyin olunub.

Bu barədə QİA.AZ-a Xarici İşlər Nazirliyindən bildiriblər.

Ümumdünya Ticarət Təşkilatının üzv ölkələrilə hələ 2004-cü ildən başlamış danışıqların uzun fasilədən sonra cari ilin sentyabr ayından davam etdiriləcəyi gözlənilir. Son dəfə 2019-cu ilin dekabr ayında aparılmış danışıqlar koronavirus pandemiyasına görə dayandırılıb.

Xatırladaq ki, danışıqlar kənd və sənaye məhsullarının tarifləri, xidmətlər ticarəti, qanunların ÜTT-nin tələblərinə uyğunlaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyi kimi dörd istiqamət üzrə aparılır.

Hazırda Azərbaycan ÜTT-nin 20 üzv ölkəsilə danışıqlar aparır. İndiyədək Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qırğız Respublikası ilə danışıqlar başa çatdırılmaqla müvafiq protokollar imzalanıb.

Son vaxtlar hökumət bir sıra mühüm islahatlar həyata keçirib, o cümlədən iqtisadi inkişafla bağlı 12 Yol Xəritəsi qəbul edib. Həmin Yol Xəritələrinin həyata keçirilməsinin Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunması üçün əsas olacağı gözlənilir.

Oxşar Xəbərlər