Azərbaycanın və Gürcüstanın Müstəqillik günləri Rustavidə qeyd olunub

May26,2024

Rustavi şəhərindəki Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 26 May – Gürcüstanın, 28 May – Azərbaycanın Müstəqillik günlərinə həsr olunmuş tədbir keçirilib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Gürcüstanın və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra Mərkəzin direktoru Raidə Dərziyeva çıxış edərək, hər iki dövlətin əsas bayramı olan Müstəqillik Gününün əhəmiyyətindən, iki dost və qardaş xalqın azadlıq mücadiləsindən danışıb.

Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin sədri, şair-publisist Rafiq Hümmət, Qaratəhlə kənd orta məktəbinin direktoru Bəhram İsayev, Rustavi şəhər 18 saylı orta məktəbin müəllimləri Savalan Osmanov, Mədinə Həsənova, Məlahət Allahverdiyeva, Beynəlxalq “Maarif” məktəbinin müəllimi Nato Qoqiçaşvili və başqaları çıxış edərək Azərbaycan və gürcü xalqlarının müstəqillik mübarizəsindən söz açıb, qazanılan uğurun tarixi əhəmiyyətini qeyd ediblər.

Daha sonra Mərkəzdə təhsil alan şagirdlər Azərbaycan və gürcü dillərində vətənpərvərlik mövzusunda mahnı və şeirlər səsləndirib, milli rəqslər ifa ediblər.

Oxşar Xəbərlər