Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iyunun 19-da Antalya Diplomatiya Forumu çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüşüb.
QİA.AZ xəbər verir ki, Darxan Kıdırəli Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə bağlı təbriklərini çatdırıb. O, Bəyannamədə Beynəlxalq Türk Akademiyasının adının da əks olunduğunu böyük məmnuniyyətlə qeyd edib.
D.Kıdırəli Qarabağ və Nizami Gəncəvinin 880 illiyi ilə bağlı kitabların dərc edildiyi barədə məlumat verib.
Sonra o, “Qafqazlarda türklüyün izi” layihəsi çərçivəsində çap edilən atlas kitabın nüsxəsini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib. Nazir azad edilmiş ərazilərdəki vəziyyət, geniş miqyaslı dağıntılar ilə bağlı qarşı tərəfə məlumat verib. Ceyhun Bayramov Heydər Əliyev Fondu tərəfindən dərc olunan Qarabağa dair kitabı həmsöhbətinə təqdim edərək, xüsusilə azad edilmiş ərazilərdə tarixi, mədəni irsə vurulmuş ziyana diqqət çəkib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.