Demoqrafik inkişafın perspektivləri, həmçinin əhali proqnozları ilə bağlı dolğun məlumatlar sosial-iqtsadi inkişaf proqramlarının hazırlanmasında mühüm önəm kəsb edir. BMT Əhali Fondu və Çexiyanın Karlov Universiteti ilə əməkdaşlıq müstəvisində bu sahədə önəmli işlər aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edilən Universitetin professoru, beynəlxalq ekspert Tomaş Kuçera ilə videokonfrans formatında keçirdiyi görüşdə bildirib. Görüşdə BMT Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Fərid Babayev və Nümayəndəliyin əməkdaşları da iştirak edib.
Nazir ölkəmizdə müsbət demoqrafik meyllərin davamlı xarakter aldığını, əhalinin sabit artım tempinin mövcud olduğunu vurğulayıb. O, hər il doğulanların sayının, doğulanda gözlənilən ömür uzunluğu göstəricisinin artdığını və müsbət miqrasiya saldosunun davam etdiyini qeyd edib.
S.Babayev bildirib ki, əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində müfəssəl tədqiqatların aparılması, dolğun proqnozlaşdırma sisteminin yaradılması sahəsində əməkdaşlıq məqsədilə hələ 2019-cu ilin dekabr ayında Nazirliklə BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti arasında Anlaşma Memorandumu və Nazirliklə BMT-nin Əhali Fondu arasında Niyyət Protokolu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində Karlov Universiteti də cəlb edilərək demoqrafik proqnozların hazırlanması, mükəmməl proqnozlaşdırma metodologiyasının tətbiqi, eləcə də bu sahədə milli kadr potensialının formalaşdırılması sahəsində birgə işlər aparılır. Artıq mövcud və perspektiv demoqrafik inkişaf meyilləri nəzərə alınmaqla ölkəmizin 2050-ci ilə qədər əhali proqnozu hazırlanıb.
F.Babayev uğurlu davamlı inkişaf üçün təkmil institusional yanaşmalara əsaslanan demoqrafik proqnozlaşdırma sisteminin yaradılmasının önəmini qeyd edib. Əhalinin say və yaş tərkibində baş verə biləcək dəyişikliklərin nəzərə alınmasının gələcək inkişaf üçün atılacaq addımların müəyyən olunmasında vacibliyini, bu sahədə BMT Əhali Fondunun əməkdaşlıq müstəvisində dəstəyini diqqətə çatdırıb.
T.Kuçera ölkəmizdə bağlı əhali proqnozlarının hazırlanması işlərində iştirak edərək öz töhfəsini verməkdən məmnunluğunu bildirib. Sonra əhali proqnozunun hazırlanması işlərinin yekunlarına dair T.Kuçera tərəfindən təqdimat edilib.
Təqdim edilən proqnozda ölkə əhalisinin cari inkişaf mənzərəsi əks olunmaqla, əhalinin sayı, yaş və cins strukturunda gələcək dəyişikliklərin qiymətləndirilməsi aparılıb.