Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Aprelin 30-da xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.

QİA.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ceyhun Bayramov bu il Azərbaycan ilə Əlcəzair arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb.

Tərəflər beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində qarşılıqlı fəaliyyətin hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərə və təşəbbüslərə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər, həmçinin enerji və digər sahələrdə əlaqələrin inkişafının vacibliyini vurğulayaraq, bu xüsusda yüksək səviyyəli səfərlərin və siyasi məsləhətləşmələrin əhəmiyyətini qeyd ediblər.

Nazir, eyni zamanda, parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətini qeyd edərək, Əlcəzair-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu üzvlərinin cari il aprelin 22-25-də Azərbaycana səfərini yüksək qiymətləndirib. Tərəflər enerji sektorunda ikitərəfli əlaqələrin əhəmiyyətini qeyd edərək, bu istiqamətdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Oxşar Xəbərlər