Azərbaycanlı ağırlıqqaldıran: “Dünya Kubokunda üç medal qazanmaq böyük uğurdur”

“Dünya Kubokunda üç medal qazanmaq böyük uğurdur”.

QİA.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda üç gümüş medal qazanması barədə danışarkən deyib.

O, çəkdiyi əziyyətin qarşılığını gördüyünü bildirib:

“Ağır əməliyyatdan çıxsam da, qısa zamanda özümü toparlaya bildim. Bəlkə də bunun öhdəsindən tam gəldiyimi desəm, yanlış olar. Ancaq çalışdım ki, ölkəmə medalla qayıdım. Bunu da bacardım. Dünya Kubokunda üç medal qazanmaq böyük uğurdur”.

28 yaşlı idmançı gələcək hədəfləri barədə də danışıb:

“Gələcək məqsədim böyükdür. Dünya çempionatına tam yüksək səviyyədə hazırlaşmaq istəyirəm. İndi isə müalicə alacam və bir müddət istirahət edəcəyəm”.

Qeyd edək ki, 109 kiloqramda mübarizə aparan atletimiz birdən qaldırma hərəkətində 177 kiloqramı ram edib və bu hərəkətlə gümüş medala sahib çıxıb.

O, təkanla qaldırma hərəkətində 211 kiloqramın öhdəsindən gələrək, eyni uğura imza atıb.

Toplam 388 kiloqram nəticə göstərən D.Dadaşbəyli yekun sıralamada da ikinci yeri tutaraq yarışı üç gümüş medalla başa vurub.

Oxşar Xəbərlər