Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev COVID-19-la bağlı daha bir elmi tədqiqat aparıb.
“QİA.AZ” xəbər verir ki, tədqiqat dünyaca məşhur tibb mütəxəssisləri və ekspertlər tərəfindən nüfuzlu elmi “Bone” jurnalında dərc olunmağa qəbul edilib.
Belə ki, ilk dəfə olaraq azərbaycanlı alim tərəfindən “Sümük sıxlığının və sümükdə olan mineral dəyişikliklərin COVID-19-un kliniki gedişatına təsiri” ilə bağlı aparılan elmi tədqiqatda bir sıra məqamlara toxunulub.
Müəllif tədqiqatda hələ 2017-ci ildə dünyada ilk dəfə tətbiq etdiyi üsuldan – kompütertomoqrafiya vasitəsilə xüsusi metodla sümük sıxlığının ölçülməsindən istifadə edib.
Elmi əsərdə sümük sıxlığı ilə yanaşı sümüyün müvafiq mineral dəyişiklikləri də ölçülüb. Tədqiqat nəticəsində bəlli olub ki, sümük sıxlığı aşağı olan insanlar COVID-19 virusuna yoluxarkən xəstəliyi ağır keçirirlər. Tədqiqatda digər alimlər tərəfindən bunun yaşla əlaqəli olması və insanlarda yaşlandıqca sümük sıxlığının azalması ilə bağlı irəli sürülən iddialara cavab verilib.
Belə ki, yaş faktorunu nəzərə almadan tədqiqatın nəticəsi dəyişməyib. Bununla o qənaətə gəlinib ki, yaşından asılı olmayaraq sümük sıxlığı aşağı düşən və müvafiq mineral dəyişiklikləri olan insanlar virusa yoluxduqda xəstəliyi ağır şəkildə keçirirlər.
Tədqiqatla sübut olunub ki, COVID-19 xəstəsinin ağciyərlərinin kompütertomoqrafiyasını alan zaman sümük sıxlığı haqqında məlumat əldə etmək mümkündür. Qeyd olunub ki, həkimin məhz bununla da xəstəliyin ağırlaşma riski barədə əvvəlcədən məlumat əldə etməsinə imkan yarana bilər.
Qeyd edək ki, “Bone” jurnalı sümük sistemi sahəsində dünyada ciddi elmi məqalələrə görə ən çox oxunan və sitat olunan jurnaldır.
Xatırladaq ki, N.Abdullayev COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və tutarlı elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir. Onun virusun öyrənilməsi, xəstəliyin müxtəlif xəstələrdə öncədən söylənilə biləcək proqnozu və kliniki gedişi barədə bir neçə elmi tədqiqatı nüfuzlu elmi jurnallarda dərc olunub.