Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) İkinci Hesabat-Seçki konfransı baş tutub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
QİA.az xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyə olunmasına və cəmiyyətin fəal iştirakçıları kimi öz potensiallarını reallaşdırmaq üçün bütün imkanların yaradılmasına yönəlib. Dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də xaricdə təhsil alan gənclərin dəstəklənməsi məsələsidir. O həmçinin bu istiqamətdə ASAP-ın həm Azərbaycanda, həm də xaricdə yaşayan azərbaycanlı tələbə və məzunları əhatə edən layihələri, gənclərin şəxsi və karyera inkişafının dəstəklənməsindəki rolu və fondun bu istiqamətdə ASAP-la birlikdə həyata keçirdiyi uğurlu işlərdən danışıb.
Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru və ASAP-ın fəxri sədri Fariz İsmayılzadə çıxış edərək bildirib ki, ölkə hüdudlarından kənarda təhsil alan tələbələr Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizin müxtəlif beynəlxalq forumlarda, platformalarda layiqincə təmsil olunmasında önəmli rol oynayır. ASAP xarici universitetlərin azərbaycanlı tələbə və məzunlarının şəxsi, peşəkar, təhsil və sosial fəaliyyətlərini dəstəkləyərək, xarici icmalara inteqrasiyasına və xarici ölkələrdə uğurlu təmsilçiliyinə şərait yaradır.
Milli Məclisin gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışında xaricdə təhsil alan gənclərin dəstəklənməsinin vacibliyindən danışıb. Qeyd edib ki, dövlətin gənclərə olan qayğısının təzahürü kimi il ərzində yüzlərlə tələbə dövlət hesabına xaricdə təhsil almağa göndərilir. Bu sahədə həyata keçirilən layihələr, xüsusilə xaricdə təhsil alan gənclərin dəstəklənməsi istiqamətindəki fəaliyyətlər gənclərin Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunmalarına və ölkənin beynəlxalq arenada müsbət imicinin formalaşmasına şərait yaradır. O həmçinin ASAP-ın xaricdə təhsil alan gənclərə dəstək göstərməklə öz vəzifəsini uğurla yerinə yetirdiyini vurğulayıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, YAP İdarə Heyətinin üzvü Vazeh Əskərov bildirib ki, Ümumilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsi hazırda uğurla davam etdirilir. Ölkədə əsas prioritetlərdən biri də xaricdə təhsil imkanlarının əlçatanlığıdır. Bu istiqamətdə görülən işlər gənclərin ölkənin gələcəyi üçün savadlı kadr kimi yetişməsinə yönəlib.
Daha sonra ASAP-ın icraçı direktoru Sevda Mansurova hesabat nitqi ilə çıxış edib. Bildirib ki, təşkilat fəaliyyətə başladığı gündən etibarən Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətini rəhbər tutur. 2023-cü ilin avqust ayından bu günə qədər ASAP tərəfindən 500-dən çox layihə və tədbirlər həyata keçirilib. Ümumilikdə 39 ölkəni əhatə edən tədbirlərdə 64000-dən çox gənc iştirak edib.
Ardınca 2023-2024-cü illər üzrə ASAP-ın fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.
Konfrans Platformanın İdarə Heyətinin sədrliyinə namizədin gələcək fəaliyyəti və planları ilə bağlı çıxışla davam edib.
Yekunda keçirilən səsvermə nəticəsində Milana Mir Feyzullazadə ASAP-ın sədri seçilib.