Respublikamızın ictimai həyatında daim yaxından iştirak edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin əməkdaşları “YAŞAT” Fondunun fəaliyyətinə öz töhfələrini vermək qərarına gəliblər.
QİA.AZ xəbər verir ki, birliyin əməkdaşlarının və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsünü nəzərə alan Birlik rəhbərliyi “YAŞAT” Fonduna (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 %-i həcmində maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab edib. “YAŞAT” fondunun hesabına 129,762 manat vəsait köçürülüb.
2020-ci il ərzində “Azərikimya” İstehsalat Birliyi tərəfindən COVID-19-la mübarizə çərçivəsində Koronovirusla Mübarizəyə Dəstək Fonduna və Silahlı Qüvvələrə dəstək fonduna da vəsait köçürüblər. Ötən il ərzində ümumilikdə fondlara 305 min manatdan artıq vəsait köçürülüb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu yaradılıb.