“Azərişıq” ASC və Almaniyanın “EKM Global Consulting GmbH” şirkəti ilə gələcək əməkdaşlıq haqqında niyyət sazişi imzalanıb.
Bu barədə “QİA.AZ”a “Azərişıq”dan məlumat verilib.
Səhmdar cəmiyyətinin sədr müavini Ramil Yusifovun sözlərinə görə, sazişin məqsədi erməni işğalından azad edilmiş Qarabağda görülən işlərə alman şirkətini cəlb etməkdir: “Qarabağdakı strateji obyektlərin elektrik enerjisi ilə təchizatı üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təcili tədbirlər görülür. Yerli elektrik şəbəkələrinin yenidən qurulması və tikintisi işlərinin layihələndirilməsinə müasir və innovativ texnologiyaları cəlb etmək, bu yolla prosesi daha da sürətləndirmək barədə düşünürük. Ərazinin 3D-mobil xəritəsinin yaradılması ilə güc mərkəzləri, elektrik veriliş xətləri, paylayıcı qurğular və uçot komplektinin coğrafi mövqeləri lazer skaneri vasitəsilə hazırlanmış modeldə öz əksini tapır. Buna görə, özünü rəqəmsal texnologiyalar sahəsində təsdiq etmiş EKM Global Consulting GmbH” şirkəti ilə gələcək əməkdaşlıq haqda niyyət sazişi imzalandı. Müasir texnologiyalar və mühəndis-texniki həllər layihə-konstruktor işlərinin maksimal effektivliklə aparılmasına geniş imkanlar yaratması, əraziyə getmədən, vaxt itkisinə yol vermədən, işlərinin həyata keçirilməsi bu əməkdaşlığın müsbət cəhətlərindəndir”.
“Üçölçülü verilənlərin istifadəsi insan faktorunu aradan qaldırmaqla, səhvlərin və vaxt itkisinin ciddi şəkildə aradan qaldırmağa imkan verir. Əldə olunan dəqiq və faydalı məlumatlar növbəti emal mərhələsi üçün “Azərişığ”ın Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzinə yönəldilərək, müvafiq sistemlərə inteqrasiya edilir. Bu isə bütün mərhələlərdə məsrəflərin azaldılmasına səbəb olacaq. Digər tərəfdən, niyyət sazişinə əsasən, yarana bilən istənilən suala ekspert cavabı almaq imkanı da yaranır”, – deyə R.Yusifov əlavə edib.
“Bu texnologiyalar dünya üzrə bir çox müxtəlif sahələrdə istifadə edilir. Tikililərin 3D lazer skan edilməsi və modelləşdirilməsi, tarixi-memarlıq abidələr və topoqrafik planların mövcud vəziyyətini dolğun və dəqiq əks etdirməyə imkan verir. Yerüstü topoqrafik çəkilişlər, öz iş yerlərinin tərk etmədən müxtəlif ölçmələrin aparılmasında mütəxəssislərə geniş imkanlar yaradır. Və əlbəttə ki, bu kimi innovativ yanaşmalar zəruri olan işlərin daha az vaxt və məsrəflərlə həyata keçirilməsini təmin edir”, – deyə, “Azərişıq” rəsmisi E. Musayev müasir texnologiyaların tətbiqinin üstünlüklərindən danışıb.