“Azərkosmos” Özbəkistanın Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyi – “Uzbekkosmos” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
QİA.az xəbər verir ki, bu barədə “Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin toplantısı çərçivəsində imzalanan müqavilədə Azərbaycan və Özbəkistan arasında kosmik sahədə fəaliyyətlərin genişləndirilməsi nəzərdə tutulub.
İkitərəfli əməkdaşlıq çərçivəsində “Azərkosmos” Özbəkistanın ərazisində torpaqların şoranlıq dərəcəsinin ilkin qiymətləndirilməsi üçün pilot layihə həyata keçirəcək.
Ümumiyyətlə, Özbəkistanın su ehtiyatlarının əsas hissəsi, 80-90 faizi əkinçilik ehtiyacları üçün istifadə olunur. Bu sahədə quraqlıq sahələrinin qiymətləndirilməsində peyk texnologiyaların istifadəsinə geniş yer verilir. Sözügedən layihə çərçivəsində də “Azərkosmos”un kosmik həlləri və coğrafi informasiya xidmətləri üzrə təcrübəsi əsasında torpaqların şorlaşma dərəcələrini müəyyən etmək mümkün olacaq. Həmçinin, bu sahədə Azərbaycan və özbək mütəxəssisləri arasında təcrübə mübadiləsi də aparılacaq.
Qeyd edək ki, hazırda dünyada iqlim, peyk və ətraf mühit məlumatlarını birləşdirən quraqlıq ərazilərin indeksləri hazırlanıb. Peyk təsvirləri ilə toplanmış məlumatlar torpaqların quru səthinin temperaturu, buxarlanma, torpaq rütubəti və yağıntı daxil olmaqla quraqlıqla bağlı bir neçə əsas dəyişənləri qiymətləndirmək üçün istifadə edilir.
Mənbə:AZƏRTAC