“Azərsu” ASC-nin sədr müavini: “Ölkədə yeni içməli su mənbələri yaradılıb”

Mar24,2021

BMT Baş Assambleyasının təşkilatçılığı ilə “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin su ilə əlaqədar Məqsəd və Hədəflərinin icrası” mövzusunda iclas keçirilib. Konfransda Azərbaycan adından “Azərsu” ASC-nin sədrinin müavini Seymur Seyidov çıxış edərək ölkədə su ehtiyatları və içməli su təchizatı sektorunda görülmüş işlər barədə məlumat verib.

Bu barədə “QİA.az”a “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, sədr müavini ölkədə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradıldığını, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planının təsdiq edildiyini vurğulayıb. Respublikamızın regionlarında yeni içməli su mənbələrinin yaradıldığı, şəhər və kəndlərdə içməli su layihələri icra edildiyi xüsusi qeyd olunub.

İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası işlərinə başlanıldığını bildirən S.Seyidov yeni içməli su infrastrukturunun yaradılması layihələrində mütərəqqi texnologiyaların tətbiqinə xüsusi önəm veriləcəyini diqqətə çatdırıb.

Tədbirdə 86 ölkədən dövlət və hökümət başçıları, nazirlər, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər iştirak edib. İclasa bəzi iştirakçılar onlayn şəkildə qoşulub. İclasda qlobal su problemi və perspektiv hədəflər ətrafında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Bildirilib ki, son illər müşahidə olunan qlobal iqlim dəyişmələri şirin su ehtiyatlarının azalmasına, bu da öz növbəsində əhalinin ərzaq təminatına və ekoloji təhlükəsizliyə birbaşa təsir göstərir. Su ehtiyatlarının artırılması, təmizlənmiş sulardan təkrar istifadə istiqamətində tədqiqatlar və praktiki işlərin görülməsinin vacibliyi vurğulanıb.

Oxşar Xəbərlər