Ermənilərin məhv etdiyi meşə zolaqları və meyvə bağları bərpa edilir.
QİA.AZ-ın məlumatına görə, artıq bu istiqamətdə müəyyən addımlar atılıb. İşğaldan azad olunmuş ərazilərdə yeni ağac tingləri əkilib. Ekoloji terrora məruz qalan torpaqlar minalardan təmizlənir.
Həmçinin, Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzində meşə massivlərinə ayrılan torpaq sahəsində coğrafi mövqeyə uyğun ağacların becərilməsinə başlanılıb. Mərkəzin əməkdaşı İlqar Rəhimov bildirib ki, burada Xan çinarı, iydə, qarağac, akasya və digər ağac cinslərinin toxumları, ya da qələmləri əkilir.
Qeyd edək ki, Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzi 1 600 hektar ərazini əhatə edir. Cari ilin əkin planı 70 hektar olsa da, azad olunmuş ərazilərin yaşıllığını bərpa etmək üçün bu rəqəm 2 dəfə artırılıb.