Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
QİA.az xəbər verir ki, bu barədə AYNA-dan AZƏRTAC-a bildirilib ki, görülən işlər çərçivəsində Azadlıq prospektində 3 km-ə yaxın hərəkət zolağı təşkil edilib. Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.
Azadlıq prospektindən 10 müntəzəm marşrut xətti üzrə 150-dən çox avtobus keçir. Həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində 120700-ə yaxın sərnişin daşınır.
Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.